Modern.az

Oqtay Əsədov Qazaxıstanlı həmkarını qəbul edib

Oqtay Əsədov Qazaxıstanlı həmkarını qəbul edib

Aktual

8 İyun 2012, 16:54

Modern.az-ın məlumatına görə, Milli Məclisin Sədri Oqtay Əsədov Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Kayrat Maminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Spiker qonağı səmimi salamlayaraq onun ölkəmizə ilk rəsmi səfərinin münasibətlərimizin inkişafına yeni impuls verəcəyinə inamını ifadə edib. Bildirilib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra dövlət başçılarının siyasi iradəsi sayəsində əlaqələrimiz daha da dərinləşmiş və günbəgün möhkəmlənməkdədir.

“Münasibətlərimizin bu səviyyəyə çatmasında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynamışdır. Xalqlarımızı birləşdirən tarixi köklər, mədəni və mənəvi birlik əlaqələrimizin gələcək inkişafına böyük ümidlərlə baxmağa imkan verir.

Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq həyatın digər sahələrinə də öz müsbət təsirini göstərmişdir. Bu gün Cənubi Qafqazda sürətlə inkişaf edən Azərbaycan Orta Asiyada özünəməxsus yeri olan Qazaxıstanla iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu məqsədin reallaşmasında parlamentlər mühüm rol oynayır. Bu gün deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparırlar”-deyə spiker qeyd edib.

O.Əsədov TürkPA-nın Bakıda və Qazaxıstanda keçirilmiş tədbirlərindən söz açaraq regional qurumlarda da  əməkdaşlığımızın təqdirəlayiq olduğunu bildirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstan Parlamenti Senatının Sədri  Kayrat Mami ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, ölkəmizin sürətli inkişafını və yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsini ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətlə əlaqələndirib.

Qonaq görüşdə Azərbaycanın Xəzər bölgəsində Qazaxıstanın ən önəmli tərəfdaşı olduğunu deyib. Ölkəsinin müstəqil Azərbaycanla iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu söylədi.

Qəbulda Kayrat Mami ölkəsinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fərhad Qəribov, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Prımbetov və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı