Modern.az

Daxili İşlər Nazirliyindən yeni xəbər

Daxili İşlər Nazirliyindən yeni xəbər

Aktual

8 İyun 2012, 19:25

İyunun 15-dən Daxili İşlər Nazirliyinin qapılarını həm daxili işlər orqanlarının əməkdaşlarının, həm də bütün vətəndaşların üzünə açacaq  “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində qəbul prosesi başlayır. Sağlamlığının qeydinə qalan, istirahətini yüksək səviyyədə, mənalı və zövqlə təşkil etmək istəyən hər bir şəxs ilin bütün fəsillərində Mərkəzin yollayışlarını əldə etməklə bu arzusunu gerçəkləşdirə bilər.

Nazirlikdən Modern.az-a bildirilib ki, 13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılıb. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Mərkəzin su təchizatı məqsədi ilə artezian quyuları qazılıb. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb. Dəniz gəzintisi üçün xüsusi ərazi var. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Mərkəzin ərazisindəki yollar da yenidən qurulub.
Qeyd olunmalıdır ki,  müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binada 328 yerlik yataq və istirahət otaqları yaradılıb. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulub. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunub. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait var. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılmışdır, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.

 Bütün otaqlarda istirahət üçün yüksək şərait var. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.
 Mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunub. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 1 gözlü 2 nəfərlik və 2 gözlü 4 nəfərlik 8 kottec tikilib. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcək. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulub. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı