Modern.az-ın məlumatına görə, ayın 10-da R.Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənəcək Milli Qurtuluş günü ilə bağlı Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı ədəbi-bədii gecə ilə başlayacaq proqram çərçivəsində İraq türkmanlarının (Kərkük) sənətçilərinin konserti keçiriləcək. Tədbir “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
Millət vəkili Qənirə Paşayevanın saytımıza verdiyi məlumata görə, İraq parlamentinin keçmiş üzvü, tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinə DGTYB Uluslararası Baş Koordinatoru, Türk Dünyası Gənc İlətişimçiləri (Media Mənsubları) Birliyi başqanıdır. Şəmsəddin Kuzəçi, TÜRKMENELI Vəqfi Kültür Mərkəzi başqanıdır. Mustafa Ziya, tanınmış səhnə ustası İsmət Hürmüzlü, musiqiçilər Səadallah Salih Mohamməd, Ali Xalil Mohamməd, Fahmə Mahdə, Fövzü Ömər Mohamməd, Xalid İsmael, səs sənətçiləri Arjan Ş.Ahmad, Mohamməd Qadər Rauf və «Türkmeneli” TV-nin Xəbər müdiri Ali Makram Qarib daxildir. Qeyd edək ki, qonaqlar artıq bir az əvvəl Azərbaycana gəliblər.
Qeyd edək ki, qonaqların səfər proqramı kifayət qədər zəngindir. Fəxri Xiyabanda Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı, Türk Şəhidliyini və Xocalı Soyqırımı abidəsini ziyarət edəcək qonaqların paytaxt Bakı ilə geniş tanışlığı, habelə bir sıra dövlət və ictimai təsisatlarda görüşlərin keçirilməsi nəzərdə tutulub.
Proqram çərçivəsində keçiriləcək ən önəmli tədbirlərdən biri də “Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı elmi-praktik konfrans olacaq. Konfrans Atatürk Mərkəzində baş tutacaq.
Qonaqların Qarabağa – Xocavənd rayonuna səfəri, qaçqın və məcburi köçkünlərlə görüş və böyük konsert proqramının düzənlənməsi də nəzərdə tutulub. Tovuza da səfər edəcək İraqlı soydaşlarımız hərbçilər qarşısında konsert verəcək, eləcə də rayonun mərkəzi meydanda geniş konsert proqramı ilə çıxış edəcəklər. Eyni zamanda qonaqlar Gəncədə hərbçilərlə də görüşəcək, musiqi qrupu isə konsert proqramı ilə çıxış edəcək.
Qonaqların həmçinin Qubadakı “Soyqırım məzarlığı”nı ziyarət etməsi, İctimai TV-də canlı yayımda çıxış etmələri də planlaşdırılmışdır.
Modern.az