Xaçmaz rayonu Nabran qəsəbəsinin sakinləri təşvişə düşüb. Buna səbəb isə Nabran qəsəbəsində pirin yaxınlığında 3 hektara yaxın ərazidə mənşəyi bəlli olmayan balaca, yumru, sarı rəngli cisimlərin aşkar olunmasıdır. Kənd sakinləri bundan böyük təşviş keçirir və bununla bağlı lazımı yerlərə müraicət etdiklərini bildirirlər. Amma qeyd olunur ki, bu cisimlərin həmin əraziyə necə töküldüyü məlum deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliynin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə qeyd edib ki, bu məsələ ilə bağlı araşdırma aparmaq onların səlahiyyətinə daxil deyil.
Hadisə baş verən ərazinin sakinləri Modern.az-a bildiriblər ki, faktla əlaqədar hüquq-mühafizə orqanlarrına xəbər veriblər. Hüquq-mühafizə orqanlarından da gəlib yad cisimlərdən yığaraq analiz üçün aparıblar. Qeyd edilir ki, sarı rəngli bu yumru cisimlər ötən həftənin cümə axşamı Azərbaycan səmasında müşahidə olunan uçan obyektdən tökülüb. Çünki həmin obyekt Xaçmaz ərazisində yerə ən yaxın məsafədən uçub. Bu cisimlərin hədəfə atılmış naməlum güllələr oluduğu söylənilir. Yerli sakinlər deyirlər ki, həmin xırda yumru cisimləri ağac qurdlarının tırtılları üzərinə qoyublar, həşəratlar dərhal məhv olub.
Xatırladaq ki, ötən həftənin cümə axşamı saat 22.45-ə yaxın Azərbaycan səmasında alov saçan naməlum uçan obyekt müşahidə olunub. Çoxsaylı şahidlərin gördükləri uçan obyekt barədə sonradan belə məlumat yayıldı ki, o Rusiyanın “Topol” qitələrarası ballistik raketi (QBR) olub.
Əvvəlcə bu, uçan naməlum obyekt kimi qəbul edilib və onu Rusiyadan tutmuş Yaxın Şərqə kimi bir çox ölkələrdə müşahidə ediblər.
Rusiyanın birinci kanalı Müdafiə Nazirliyinə istinadən bildirib ki, raket “Kapustin Yar” poliqonunda uğurlu sınaqdan keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, ballistik raket Qazaxıstanın Sarı-Şaqan poliqonunda şərti hədəfə zərbə endirib. Hərbçilər qeyd ediblər ki, sınaq zamanı lazımi məlumatlar əldə edilib ki, bu da düşmənin raket əleyhinə müdafiəsini aradan qaldırmaq üçün effektiv vasitədir.

