Modern.az

Türkiyədə təhsil alan tələbələrimiz məzun günü keçiriblər

Türkiyədə təhsil alan tələbələrimiz məzun günü keçiriblər

Aktual

13 İyun 2012, 10:53

Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü, SOCAR, Türkiyə və Palmali şirkətlər qrupunun dəstəyi ilə Türkiyə Respublikasının ali təhsil qurumlarında təhsil alan tələbələrimizin təhsillərini başa vurmaları münasibətilə məzun günü  təşkil olunub. Bu barədə Modern.az-a Azərbaycanın Ankaradakı səfirlikdən məlumat verilib.

Səfirlikdən bildirilib ki, tədbir ilk olaraq, Ankaranın Yenimahalle ərazisində  yerləşən Heydər Əliyevin adını daşıyan parkın ziyarət edilməsi ilə başlayıb. Ardından tədbirin ikinci hissəsi Səfirlikdə geniştərkibli iştirakçıların qatılımı ilə davam edib. Burada, Təhsil Nazirinin müavini  Qulu Novruzov, Türkiyənin  Təhsil Nazirinin müavini Salih Çelik, Türkiyənin Gənclər və İdman Nazirinin müavini Aslan Karanfil, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdet Ünüvar, TİKA-nın Sədri Serdar Çam, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Səfirliyin əməkdaşları, Türkiyə Respublikası Ali Təhsil Şurasının Sədr müavini Muhittin Şimşek, Ankarada fəaliyyət göstərən universitetlərin rektorları və prorektorları, Türkiyə Respublikasının müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər. Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Səfir Faiq Bağırov öz çıxışında, günün əhəmiyyətindən, ölkəmizin inkişafından və təhsilə göstərilən diqqət və qayğıdan bəhs edərək, məzunlarımızı təbrik edib və onlara uğurlar arzulayıb. Təhsil Nazirinin müavini  Qulu Novruzov da öz çıxışında, ölkəmizin gənclərin xaricdə təhsilinə verdiyi əhəmiyyətdən bəhs edib. Daha sonra  təhsilində yüksək nəaliyyətlər göstərən məzunlarımıza hədiyyələr təqdim olunub. Tədbirin üçüncü hissəsi, Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün movzoleyinin (Anıtkabir) ziyarət edilməsindən ibarət olub. Tədbir iştirakçıları böyük Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yada etdikdən sonra, onun məzarı üzərinə əklillər qoyublar  və daha sonra təhsil nazirinin müavini Qulu Novruzov “Anıtkabir” Xatrə Dəftərinə ürək sözlərini yazıblar. Tədbir iştirakçıları Ankaranın Keçiören səmtində yerləşən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni də ziyarət edərək, abidənin önünə əklil qoyublar. Sonda tədbir iştrakçılarına  Ankarada "Kent Hotel" mehmanxanasında ziyafət təşkil olunub. Şən və əyləncəli şəraitdə keçən ziyafətdə məzunlarımız Azərbaycan musiqiləri sədaları altında rəqs ediblər.

 

 

 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı