Ekspert nazirin istinad etdiyi rəqəmi gerçək sayır
Son günlər açıqlanan rəqəmlərə görə, “Eurovision–2012” Mahnı müsabiqəsi ərəfəsində ölkəyə xeyli sayda turist gəlib. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun açıqlamasına görə, müsabiqə ərəfəsində Bakıda 20 minə yaxın turist olub və fəaliyyət göstərən mehmanxanaların 95%-i tamamilə dolu olub. N.Bağırov onu da bildirib ki, turistlərin bir qismi paytaxtda ev kirayələyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə mediyaya açıqlamasında “Eurovision–2012” Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insanın keçdiyini deyib. Nazir deyib ki, müsabiqə ilə əlaqədar Azərbaycana səfər edən “Eurovision” təmsilçiləri və nümayəndə heyətlərinin sayı təxminən 7 min nəfər olub: “Adətən, 15 gün müddətində Azərbaycana gələnlərin ümumi sayı 30-40 mindən çox olmur. “Eurovision” ərəfəsində isə bu rəqəm 100 min nəfərdən çox olub. Buradan belə nəticə çıxara bilərik ki, turizm məqsədi ilə Azərbaycana gələn insanların sayı 50 mindən çox idi”.
Məsələ ilə əlaqədar
Modern.az-ın əməkdaşı turizm sahəsi üzrə ekspertdən münasibət öyrənib.
Turizm Universitetinin müəllimi, ekspert Bahadur Bilalov bildirib ki, fakt olaraq otellərdə boş yerlər var idi: “Təbii ki, evdə qalanlar daha çox olub. Hətta son vaxtlar eşitdim ki, müsabiqə ərəfəsində Qaradağ rayonunda gənclər üçün çadır şəhərciyi qurulub və hətta o çadır şəhərciyində də qalan olub. Nazir deyirsə demək ki, onun əlində hər hansısa bir rəqəm var və o, bu hesablamaya əsaslanır. Yəqin ki, Əbülfəs Qarayev Dövlətin Sərhəd Xidməti ilə də əlaqə saxlayıb”.
Anar Kəlbiyev