Modern.az

YAP-çı deputat: “Qəbələ RLS-lə bağlı mühüm saziş imzalanacaq...”

YAP-çı deputat: “Qəbələ RLS-lə bağlı mühüm saziş imzalanacaq...”

Aktual

19 İyun 2012, 17:33

“Mediada yazılanlara baxmayaraq, Rusiya ilə strateji əlaqələrimiz davam edir”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının  və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə son zamanlar Qəbələ Radiolakasiya Stansiyası haqda (RLS) mətbuatda yazılan məlumatlarla bağlı Modern.az-a açıqlama verib. Deputat bildirib ki, mətbuatda Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı dərc olunan yazılar həqiqəti əks etdirmir. A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanla Rusiya arasında RLS-lə bağlı saziş imzalanacaq:

“Bu gün bu mövzu diqqətdə olan mövzudur. Hətta mətbuatda dəqiqləşməmiş informasiyalar belə yer alır. Hesab edirəm ki, Qəbələ RLS-lə bağı Azərbaycanla Rusiya arasında saziş imzalanacaq. Hazırda tərəflər buna doğru gedirlər. Mətbuatdan verilən məlumatların əksəriyyəti həqiqəti əks etdirmir. Deyə bilərəm ki, bu istiqamətdə heç bir problem yoxdur. Rusiya ilə ölkəmiz arasında strateji dostluq münasibətləri var və davam edir”.

YAP-çı deputat Rusiyanın hərbi qulluqçularını Azərbaycandan geri çağırması haqda səslənən fikirləri yanlış hesab edir.

“Rusiyanın bildiyimiz kimi icarə əsasında götürdüyü hərbi obyektdəki hərbi qulluqçularını dəyişməsi onların səlahiyyətində olan məsələdir. Lakin hərbçilərin geri çağırılması xəbəri, məncə, doğru deyil. Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, RLS-lə bağlı bütün məlumatlar maraq doğurduğundan bu haqda məsələlər tez-tez məsələlər mətbuatda öz əksini tapır”.

Qeyd edək ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) 2002-ci ildə Rusiyaya 10 illiyə icarə verilib. Stansiyanın icarə müddəti bu ilin sonunda bitəcək. Rusiya yenidən müqavilə əsasında stansiyanı icarəyə götürmək istəsə də, rəsmi Bakı icarə haqqını 300 mln. dollara qədər artırmaq niyyətindədir. Dəfələrlə bu istiqamətdə danışıqlar aparılsa da, tərəflər qiymətlə bağlı razılığa gələ bilməyiblər.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı