Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirtdiyi buraxılış imtahanında 12 şagirdin imtahan nəticələrini ləğv edib. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidməti məlumat verib. Komisiyadan bildirilib ki, iyunun 18-də respublikanın bir sıra rayonlarında, o cümlədən Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.
TQDK sədri Məleykə Abbaszadə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi rayonlarında, eləcə də Ağcabədi rayonunun Taxtabaşı qəsəbəsində məskunlaşan Laçın rayonu orta ümumtəhsil müəssisələri şagirdləri üçün yaradılan imtahan mərkəzlərinə baş çəkib, buraxılış imtahanlarının gedişini izləyib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin məlumatlara əsasən müxtəlif binalarda 12 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulub.