
Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Ölkə başçısı konfransa iştirak etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə gəlib. Prezident əvvəlcə paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına həsr olunan fotostendlə tanış olub. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına proqram çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Modern.az AzTV-yə istinadən bildiri ki, Prezident İlham Əliyev konfransda çıxış edib. Dövlət başçısı keçən ilin may ayında təsdiqlənən proqramın Bakı və ətraf qəsəbələrin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, ötən dövrdə regionların inkişafı ilə bağlı qəbul edilən proqramlarla yanaşı, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı da diqqət mərkəzində saxlanıb. Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramının icrasından keçən dövr ərzində paytaxtın inkişaf etdiyini, bununla bağlı qarşıya yeni vəzifələrin çıxdığını deyən prezident ikinci proqramın qəbulundan sonra müvafiq tədbirlərin görüldüyünü, bir çox problemlərin həll olunduğunu deyib, hazırda paytaxt və qəsəbələrdə işlərin sürətlə davam etdirildiyini bildirib.
Ölkənin ümumi iqtisadi inkişafının böyük həcmli proqramların icrasına şərait yaratdığını deyən dövlət başçısı son illərdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, minlərlə iş yerinin açılması, yoxsulluğun səviyyəsinin aşağı düşməsi, ümumi daxili məhsulun artması iqtisadi inkişafa daha da təkan verib. Hazırda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev beynəlxalq reytinq agentliklərinin də ölkəmizdəki vəziyyəti yüksək dəyərləndirdiyini bildirib. Dünyada yaşanan iqtisadi böhranın Azərbaycana təsir etmədiyini vurğulayan dövlət başçısı bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar istənilən proqramın icrasına şərait yaradır və Azərbaycanda icra olunan proqramların özəlliyi onların konkret xarakter daşımasındadır.
Ölkənin gələcək inkişafı ilə bağlı cəmiyyətdə heç bir fikir ayrılığının olmadığını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın gələcək iqtisadi inkişafı çox müsbət olacaq. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramından danışan dövlət başçısı deyib ki, proqrama bəzi müddəalar yerlərdən gələn təkliflər əsasında salınıb və bu proqrama əlavələrin edilməsi ilə bağlı hökumətə tapşırıqlar verilib. Prezident İlham Əliyev qəsəbələrdə infrastrukturla bağlı vəzifələrin həllinin diqqət mərkəzində olduğunu deyib.
Sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması, məşğulluqla bağlı problemlərin həlli də diqqət mərkəzindədir. Bütün bunların xalqımızın daha firavan yaşaması üçün edildiyini deyən dövlət başçısı bildirib ki, həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşı
dayanır.
Sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, İqtisadi inkişaf naziri Şahin Mustafayev, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadıqov, Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid Daniyev, Səbail rayon İcra Hakimiyyəti başısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov görülən işlərlə bağlı məruzə ediblər.
Konfransa yekun vuran Prezident İlham Əliyev bildirib ki, Bakı və ətraf qəsəbələrin inkişafını nəzərdə tutan proqrama daxil edilən məsələlərin həlli böyük peşəkarlıq və işgüzarlıq tələb edir. Gələn ilin sonuna qədər proqramda nəzərdə tutulan məsələlərin həll olunacağına əminliyini bildirən dövlət başçısı bunun üçün bütün qurumlar arasında koordinasiya işinin təmin edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bütün infrastruktur layihələrin icrası üçün konkret tapşırıqlar artıq verilib və maliyyə məsələləri ilə bağlı problem yoxdur.
Bakı və ətraf qəsəbələrdə qazlaşma, elektrik, içməli su, kanalizasiya, istilik sistemi, yol təsərrüfatı və digər məsələlərdən danışan dövlət başçısı təhsil, səhiyyə, nəqliyyat və sosial infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. İstismar müddəti başa çatmış sənaye obyektlərinin paytaxtın mərkəzindən çıxarılması prosesinin davam etdiyini, həmin yerlərdə yeni parkların salındığını, ekoloji tədbirlərin, abadlıq-quruculuq işlərinin aparıldığını deyən Prezident İlham Əliyev Bakının gözəlləşməsi istiqamətində görülən işlərin düzgün istiqamətdə həyata keçirildiyini də diqqətə çatdırıb. “Bu gün Bakının yeni rəmzləri yaradılır” deyən Prezident İlham Əliyev bütün bunların paytaxtın daha da inkişafına xidmət etdiyini bildirib.
Modern.az