“Mənim Rəsul Quliyevin tərəfdarları ilə heç bir problemin yoxdur”
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Rəsul Quliyevin tərəfdarları ilə arasında ciddi problemlərin olması haqda mətbuatda yayılan məlumatlarla bağlı Modern.az-a açıqlama verib. Partiya sədri haqqında səslənən fikirlərin həqiqəti əks etdirmədiyini bildirərək qeyd edib ki, bütün bunlar qısqanclıqdan irəli gəlir.
“Partiya üzvləri ilə, eləcə də Rəsul Quliyevi dəstəkləyən insanlarla münasibətlərim çox yaxşıdır. Haqqımda yayılan məlumatlar tamamilə yalandır. Münasibətlərimiz normaldır. Sadəcə, partiyamız aktiv fəaliyyətə başlayıb. Bu da özünü büruzə verir. Partiyamızın güclənməsini istəməyən insanlar zaman-zaman haqqımızda yanlış informasiyalar yayırlar. Mən birmənalı şəkildə deyilənləri əsaslı hesab etmirəm”, – deyə S.Əkbər qeyd edib.
ACP sədri rəhbərlik etdiyi partiyaya yeni üzvlərin qoşulacağını açıqlayıb. Onun sözlərinə görə, partiyanın rəhbər strukturları tam formalaşdırılıb. S.Əkbər yeni kollektivlər partiyanın daha da güclənəcəyinə əmin olduğunu deyib: “Yaxın zamanlarda ACP-yə yeni üzvlər qoşulacaqlar. ACP bütün yaxın dövrdə rayon təşkilatlarının ümumi yığıncaqlarını keçirəcək. Hazırda var gücümüzlə partiyanın gücləndirilməsi ilə məşğuluq. Görünür, kimlərsə partiyanın aktiv fəaliyyətindən narahat olmağa başlayaraq məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar”.
S.Əkbər onu da vurğulayıb ki, ACP müxalifət partiyalarının heç bir siyasi birliyinə qoşulmayacaqlar.
Anar Rüstəmov