Təhsil Nazirliyi rəsmisi: “Bununla bağlı qərar var və hazırlıq işləri gedir”
Bir müddət bundan öncə təhsil naziri Misir Mərdanov mətbuata açıqlama verərkən, qiyabi təhsilin yaxın vaxtlarda tam ləğvi ilə bağlı fikirlər səsləndirmişdi. Nazir onu da bildirmişdi ki, ölkədəki bütün ali məktəblərdə distant (məsafədən) təhsil tətbiq olunacaq.
Üstündən xeyli vaxt keçməsinə baxmayaraq bu təhsil sisteminin tətbiqindən heç bir xəbər yoxdur.
Ali təhsil ocaqlarının distant təhsilə keçmə vaxtını dəqiqləşdirmək üçün Modern.az-ın sorğusunu cavablandırarkən Təhsil Nazirliyin ali və orta ixtisas şöbəsinin müdir müavini Zinyət Abdullayeva bildirdi ki, hələ ki, yenilik heç bir universitetdə tətbiq edilməyib. Nazirlik rəsmisinin sözlərinə görə, distant təhsilə keçmək haqqında qərar artıq təsdiq olunub: “Qiyabi təhsilin məsafədən təhsilə keçməsi haqqında qərarın yalnız tətbiqinə başlamaq qalır. Demək olar ki, hələ heç bir ali məktəb qiyabi təhsili tam ləğv edib distant təhsilə keçməyib. Bunun universitetlərə tətbiqi üçün hazırlıq işləri gedir”.
Qeyd edək ki, “Təhsil haqqında” Qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır.
Onu da qeyd edək ki, təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir. Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı təmin edilməli, distant təhsil almaq üçün hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır.
“Təhsil haqqında” Qanunda bunu öz əksini tapması isə heç də təsadüfi deyil. Çünki təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir. Bu təcrübə özünü Avropa təhsil sistemində, eləcə də digər inkişaf etmiş ölkələrdə doğrulda bilib. Bu, Boloniya təhsil sistemində də əksini tapıb. Ancaq şəraitsizlik üzündən bir çox ölkələr bu sistemə keçməyə hazır deyillər. Təcrübə göstərir ki, bu sistem ənənəvi sistemdən onunla fərqlənir ki, burada az vaxtda daha çox elmi məlumatlar əldə etmək olur, tələbənin sistemli biliklər alması şüurlu və məntiqi yaradıcılıq imkanları genişlənir.
Gültəkin Ələsgər