ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov Modern.az-a tələbələrin qovulma səbəblərindən danışıb
Azərbaycan Dövlət Tibb Universitetindən (ATU) 2011-2012 tədris ilində xaric olunan tələbələrin sayı açıqlanıb.
ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov Modern.az saytına bildirib ki, həm xarici, həm də azərbaycanlılarla birgə təxminən 100 tələbə Tibb Universitetindən xaric olunub. Həmin tələbələrin universitetdən xaric olunmasının səbəbinə gəlincə, rektor bunu tələbələrin dərsə davamiyyətinin aşağı olması, dərslərdə nizam-intizamın pozulması, imtahanlardan keçə bilməməklə əlaqələndirib.
Rektor onu da əlavə edib ki, tələbələrin kursda qalmasının öz qaydası var. “Təkrar kursda saxlama məsələsi başqa, universitetdən xaricolma başqa bir qaydadır. Onlara möhlət vermə isə başqa bir qaydadır. Bunlar hamısı müəyyən qaydalara uyğun olaraq aparılır. Xaric olunmuş tələbələri biz yenidən bərpa da edirik. Əgər onlar doğurdan da öhdəlik götürürlərsə, nizam- intizamı pozmayacaqlarsa, vaxtlı-vaxtında dərsdə olacaqlarsa, onda universitetə bərpa edirik”.
Akademik Ə.Əmiraslanov 1992-ci ildən bəri Türkiyənin aparıcı universitetləri ilə tələbə mübadiləsi apardıqlarını bildirib.
“İldə təxminən 100 tələbə mübadiləsi aparırıq. Bu gün Türkiyədə universiteti bitirib, Azərbaycanda çalışan mütəxəssislərin demək olar ki, hamısını vaxtilə birinci, ikinci, üçüncü, bəzən də axırıncı kursdan Turkiyəyə göndərmişdik. Onlar bir mütəxəssis kimi hazırlanıb, qayıdırlar... Bu gün Türkiyədə təxminən 300-ə yaxın azərbaycanlı tibb üzrə mütəxəssis təhsil alır. Onların hamısının siyahısı məndə var . Onlar yüksək səviyyədə yaxşı mütəxəssis kimi yetişərlərsə, biz onları gələndə işlə təmin etməyə çalışacağıq. Kafedralara, klinikalara yerləşdirəcəyik”-deyə Ə.Əmiraslanov qeyd edib.
Nihadə Eyyubova