Jalə Əliyeva: “Saytı olan deputatlar gənclərdir, onlar da yeni texnologiyaları yaxşı bilirlər”

İndi sosial şəbəkələrdə iştirak, şəxsi bloqlar ictimai fəaliyyətin işıqlandırılmasında əvəzsiz vasitədir. Bloq və ya sayt yaradan siyasətçilər də durmadan artır. Amma Milli Məclis üzvlərinin bu işdə fəallığı nədənsə gözə dəymir.
Modern.az parlament təmsilçilərindən kimlərin saytının mövcud olduğunu araşdırıb.
İnternetdə axtarış verərkən, qadın millət vəkillərindən Qənirə Paşayevanın kiçik sayt tipli bloquna rast gəldik. Kişi deputatlardan isə Azay Quliyev, Ceyhun Osmanlı və Fuad Muradovun rəsmi internet saytları mövcuddur. Bu saytlarda deputatların çıxışları, özləri haqqında məlumatlar öz əksini tapıb.
Bəs digər deputatların saytları niyə yoxdur? Buna ehtiyac görməmələrinin səbəbi nədir?
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli saytının olmamasının səbəbini bu cür izah edib: “Bizim İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun internet saytı olduğundan, gördüyümüz işləri orada işıqlandırmağa çalışırıq. Ona görə də hələlik bu varianta üstünlük veririk. Odur ki, bu il şəxsi saytımızın yaradılması gözlənilmir”.
Jalə Əliyeva bildirib ki, indiyə qədər saytın yaradılmasına heç vaxt ehtiyac duymayıb. “Çünki tez-tez mətbu orqanların özləri məndən müsahibələr alırlar. Buna görə də sayt yaratmaq haqqında düşünməmişəm. Amma bu gələcəkdə çox vacib olsa, yəqin ki, məndə açaram”.
Deputat əlavə edib ki, saytı olan deputatlar elə gənclərdir. Onlar da yeni texnologiyaları yaxşı bilirlər.
Deputat Zahid Orucun sözlərinə görə, saytın yaradılması müəyyən komanda quruculuğu, müəyyən vəsait tələb edir. “Öz özlüyündə mən Azərbaycan mediası ilə xeyli fəal işləyən insanlardan biriyəm. Bir çox saytlar təklif etdi ki, bloqdan bir az fərqli formada bir şey yaradıb, bütün çıxışlarımı, materiallarımı orada toplansın. Hətta bununla bağlı ilk addımlar da atılmışdı. Amma sonradan bəzi başqa məqamlar da ortaya çıxdı. Məndə sona qədər bunu qəbul etmədim”, – deyə Z. Oruc vurğulayıb.
Z.Orucun sözlərinə görə, qarşıdakı dövrdə şəxsi sayt yaradılmasını düşünə bilər. Bu müəyyən bir texniki və insan resursunun hazırlığını tələb edir.
Sevinc İltifatqızı