Gün eynəkləri birinciyə üstünlük verməklə özlərini korluğa sürükləyirlər

Artıq yay aylarını yaşayırıq. Qarşıdan bizi daha da qızmar yay günləri gözləyir. İsti havada günəşdən qorunmağın üsullarından biri də gün eynəklərindən istifadədir.
Gün eynəkləri mövsümün ən çox istifadə olunan aksesuarlarındandır. Elə bu fürsətdən istifadə edən satıcılar da keyfiyyətsiz, əsasən Çin istehsallı 5 manatlıq eynəyi 10 manata sırıyırlar.
Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu gün ölkə bazarının gün eynəkləri ilə bağlı seqmenti həddən artıq çirklənibdir. Bu çirklənmə tək Azərbaycanda deyil, bir çox ölkələrdə var. “Bu sahə nəzarətsiz bir sahə olaraq, həm bizdə, həm də bütün dünyada qalır. Hesab edirəm ki, gün eynəkləri insanların gözlərinin zəifləməsinə gətirib çıxarır. Çünki burada heç bir standart gözlənilmir, heç bir yoxlama aparılmır. İndiyənə kimi də bununla bağlı heç bir monitorinq aparılmayıb. Kim necə gəldi, harada gəldi, həmin eynəkləri satır. İstehlakçılar bilməlidirlər ki, gün eynəklərinin keyfiyyətini göstərmək üçün xüsusi testlər var. Məsələn, ofisimizdə “paloroid” eynəklərinin testi var. Əgər eynək həqiqi firmanındırsa, onda o eynəyi geyinəndə, test göstərir ki, orada nə var”.
E.Hüseynov qeyd edib ki, istehlakçılar eynək alanda həmin eynəyin həqiqi firmaya aid olub-olmadığını bilmək üçün mütləq o testləri tələb etməlidirlər. “İstehlakçılar həkimlərin göstərişi ilə bu eynəkləri alsınlar. Nədənsə, Azərbaycanda gün eynəyi geyimə mədəniyyəti çox qeyri-adidir. Bu gün də başa düşmürəm ki, nə üçün qış aylarında bəzi insanlar, xüsusən qızlar maşına minəndə eynək taxırlar. Düşünürəm ki, kütləvi surətdə insanlar bu eynəklərlə özlərini korlaşdırırlar. Bu sahədə hələ ki, heç bir iş aparılmayıb. İndi ən bahalı eynək ən keyfiyyətsiz bir eynək ola bilər, çünki Azərbaycan bazarı qorunmur. Qorunmadığı üçün də insanlar aldanırlar. Ona görə də həkimlərin göstərişi ilə alıcılar bu eynəkləri ixtisaslaşmış mağazalardan alsınlar. Kim necə gəldi, haradan gəldi, alıb gözlərini kor etməsin. Amma hələ ki, bununla bağlı AİB-ə müraciətlər olunmayıb”, – deyə E.Hüseynov bildirib.
Tibb Universitetinin göz xəstəlikləri kafedrasının dosenti, oftalmoloq Hafiz Qəhrəmənov keyfiyyətsiz gün eynəklərinin yaratdığı fəsadlar barəsində danışıb: “Gün eynəklərinin şüşələri əsasən orqanik, yəni üzvü materialdan hazırlanır. Üzvü maddələr keyfiyyətsiz material olur. Çünki keyfiyyətsiz üzvü maddə və yaxud da keyfiyyətsiz plastmasda həm günəş şüalarının, həm də istiliyin təsirindən, kimyəvi reaksiyalar gedir. Bu zaman şüşədə zərərli maddələr yaranır. Keyfiyyətsiz şüşə də gözün kökünə düşən şüaları tutub saxlamaq əvəzinə, əksinə, daha çox həmin şüaları buraxır. Uzun müddətli keyfiyyətsiz eynəklərdən istifadə olunduqda, onun torlu qişasında qidalanma pozgunluğu gedir. Hətta ağır hallarda torlu qişanın sinir elementlərində yanıq əmələ gələ bilər. Yüngül hallarda isə qaşınma, qızarma kimi dəyişikliklərə səbəb ola bilər”.
Həkim gün eynəklərini yalnız təchizatlı optikalardan almağı məsləhət görür: “Bir qayda olaraq, bu cür eynəkləri optikalardan almaq lazımdır. Həmin eynəklərin sertifikatları olmalıdır. Koreya, Türkiyə istehsalı olan gün eynəklərinə daha çox üstünlük vermək lazımdır. Eynək alan zaman onun gözünüzə düşüb-düşməməyini yoxlamaq üçün həmin eynəyi 3-4 dəqiqə gözə taxıb saxlamaq lazımdır. Bəzən eynəyi taxırsan, görürsən ki, gözdə ağırlıq hissiyatı yaradır, gözü gərginləşdirir. Əgər 5 dəqiqədən sonra gözdə qızarma, qaşıma sulanma kimi hallar olsa, bu, onu göstərir ki, həmin eynək gözə düşmür. Şüşəsi əyri olan eynəklər xüsusilə keyfiyyətli olmalıdır. Çünki əyri şüşə hətta optik olmasa belə, optik təhrif yaradır. Gözə düşən şüaların istiqamətini dəyişdirir. Bu baxımdan bu cür eynəklərin gözə mənfi təsiri daha çoxdur”.
Nihadə Eyyubova