“Xaricdə diplom almış şəxs müəyyən yoxlama mərhələlərindən mütləq keçməlidir”
“Bizim diplomların tanınması ilə bağlı məsələ mətbuatda şişirdilir. Bəzi adam bundan istifadə edib təhsilimizə qara yaxırlar.”
Bu sözləri Modern.az-a açıqlamasında Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov deyib.
“Tibbi təhsil almış mütəxəssislərin diplomlarının tanınması başqa bir sahədə diplom almış mütəxəssislərin diplomlarının tanınmasından fərqlidir. Yəni bu gün dünyanın hər bir ölkəsində, o cümlədən ölkəmizdə qeyri-şərtsiz heç bir həkimin diplomu tanınmır. Şübhəsiz ki, bizim də diplomlarımız qeyri-şərtsiz dünyanın heç bir ölkəsində tanınmır. Türkiyədə bu işlə “həkimlər odası” deyilən qurum məşğul olur. İngiltərədə bu, Səhiyyə Nazirliyinin nəzdindəki bir komissiyanın səlahiyyətinə daxildir. Yəni tutalım, Almaniya vətəndaşı Amerikada tibbi təhsil alıbsa, Almaniyaya qayıdanda onun diplomu müəyyən şərtlərlə tanınır”, – deyə Ə.Əmiraslanov bildirib.
Rektor qeyd edib ki, şərtlər müxtəlif ölkələrdə fərqlidir: “Elə ölkə var ki, çox çətin imtahan-testdən keçməlisən, Səhiyyə Nazirliyində ixtisasa uyğun təcrübən yoxlanır və s. Bütün bunları araşdırandan sonra ölkədə qalıb, xəstələri müalicə etmək üçün lisenziya verilir. Bu, bütün dünyada istifadə edilən təcrübədir”.
Akademik Ə.Əmiraslanov bildirib ki, keçən il Almaniyada yalnız 32 nəfər sınaqdan keçib, diplomunu tanıdıb və fəaliyyətə başlayıb. “Əgər bu gün ölkəmizdən təhsil almaq üçün Rusiyaya gedirlərsə, Rusiyadan bizə gəlirlərsə, bunu hökmən araşdırırıq. Müəyyən mərhələlər keçməklə, əvvəl təhsil, sonra səhiyyə nazirliklərinin qərarı ilə bu diplomlar tanınır, fəaliyyət üçün icazə verilir”.
Rektor açıqlamasında İranda Azərbaycan diplomunu tanınıb-tanınmaması məsələsinə də toxunub: “Hazırda İranda bizim minlərlə məzunumuz həkim bu və ya digər ixtisas üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Onların da hamısı qeyd etdiyim mərhələlərdən keçib. Heç bir ölkə digər ölkənin tibbi fakültəsi diplomunu zorən tanımaq məcburiyyətində deyil. Çünki hər bir ölkə öz insanın qədrini bilir və onun sağlamlığının daha yaxşı mütəxəssisə etibar olunması üçün müəyyən proseduralar keçməlidir”.
Nihadə Eyyubova