“...yoxdur, bu,... mümkün deyil!”
Açıq Cəmiyyət Partiyasının sədri, keçmiş müsavatçı Sülhəddin Əkbər eks-spiker Rəsul Quliyevin Azərbaycan iqtidarına yaxın olması haqda deyilənlərə münasibət bildirib. Partiya sədri Modern.az-a açıqlamasında bildirib ki, Rəsul Quliyevin və onun rəhbəri olduğu partiyanın iqtidarla heç bir yaxınlığı yoxdur.
“Mən Açıq Cəmiyyət Partiyasının sədri postuna təsdiq olanndan sonra da bəyan etdim ki, bizim partiya sırf müxalifət partiyasıdır. Bu baxımdan bizim nə Yeni Azərbaycan Partiyası ilə, nə də digər hakimiyyət yönlü partiyalarla işbirliyimiz ola bilər. Yenə qeyd edim ki, bizim əsas müttəfiqlərimiz Azərbaycandakı demokratik qüvvələrdir. Bu baxımdan bizim iqtidarla yaxınlığımız yoxdur, ola da bilməz”, -deyə S.Əkbər vurğulayıb.
Qeyd edək ki, sabiq spiker və Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının rəhbəri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyevin son zamanlar Azərbaycanda gedən siyasi proseslərdə fəal iştirakına mediada müxtəlif rakurslardan yanaşılır. Bir çoxları hətta onun hakimiyyətlə gizli işbirliyində olması haqda iddialar irəli sürür.
Anar RÜSTƏMOV