26 iyun Silahlı Qüvvələr günü münasibətilə Ermənistanla ön cəbhədə yerləşən "N"saylı hərbi hissədə“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyasının təqdimatı keçirilib.
Təqdimatda çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva hərbçi və əsgərləri bayram münasibətilə təbrik edib, onlara özünün ən xoş arzu və diləklərini çatdırıb.
“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər birinizə böyük uğur və müvəffəqiyyətlər arzu edirəm. Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Bura Ermənistanla çox yaxın bir bölgədir. Bura ölkəmizin ön cəbhələrindən biridir. Siz ölkəmizi və bu ön cəbhəni çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanları qoruyursunuz . Siz öz ölkənizi təxribatlardan qoruyursuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələri qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə və mücadiləyə hazırdı“ .
Bildirilib ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunan “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyasının uşaqlar, yeniyetmələr, gənclər və əsgərlər arasında vətənpərvərlik ruhunu yüksəlmək məqsədilə hazırlanıb.
Hərbi hissə komandiri Mayis Bərxudarov əsgərləri salamladıqdan sonra hər zaman bu ölkə üçün vuruşmağa, çarpışmağa hazır olduqlarını vurğulayıb.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da hərbçi və əsgərləri 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə təbrik ediblər.
Qeyd edək ki, böyük tirajla nəşr olunmuş “Müqəddəs zirvə” filmi və “Şəhidim” musiqi kompozisiyasının hərbi hissələrə, orta və ali təhsil məktəblərinə verilməsinə başlanılıb. “Müqəddəs zirvə” filmi Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edir. Sözləri millət vəkili Qənirə Paşayevaya, müsiqisi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevaya məxsus olan “Şəhidim” musiqi kompozisiyası isə Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarına ithaf olunur.



Modern.az