Modern.az

Bu dünyada hər şey dəyişikliyə uğrayır, bircə tələbədən başqa

Bu dünyada hər şey dəyişikliyə uğrayır, bircə tələbədən başqa

Aktual

27 İyun 2012, 15:27

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Tarix boyu müxtəlif cəmiyyət quruluşu və ierarxiyasında tələbə xüsusi bir kasta kimi daim mövcud olmuşdur. Platon akademiyasından, Aristotel liseyindən Harvard, Oksford universitetlərinə qədər yol keçmiş tələbənin müasir cəmiyyətdə statusu nədən ibarətdir? Forma cəhətdən dəyişikliklərə uğrasa da məzmununda-fəaliyyətində hansı dəyişiklik baş verib müasir tələbənin?

İnteqrasiya və qloballaşma dövründə Azərbaycan tələbələri də müasir dövrlə ayaqlaşmağa çalışırlar. Ancaq müasirlik heç də kor-koranə Qərb dəyərlərini mənimsəmək deyil. Ənənələrin varislik prinsipi əsasında ötürülməsi və müasir dünya standartları ilə ayaqlaşmaq əsas istiqamət kimi götürülməlidir.

Müasir tələbə təkcə akademik təhsillə kifayətlənməməli, müstəqil elmi və ictimai fəaliyyətdə də özünü sınamalıdır. Prioritet məsələlərdən olan müstəqil elmi fəaliyyət tələbələrin əsas göstəricilərindən sayılmalıdır. Sparta rejimi çoxdan tarixə çevrilib. Artıq fundamental elmi biliklərə yiyələnmiş tələbə özü sərbəst olaraq tədqiqat aparmağı bacarmalı, tədqiqat nəticələri ilə geniş ictimaiyyəti tanış etməyə cəhd göstərməlidir. Necə olur ki, 17 yaşlı Harvard tələbəsi hal-hazırda dünyanı öz cənginə alan sosial şəbəkə sistemi qurur, tələblərini dünya bazarına diktə edir? Yalnız iradəsi və biliklərini həyata tətbiqetmə bacarığı ilə!

Tələbə sözü “tələb”dən yaransa da bu tələb ətrafdakılara qarşı yox, ilk öncə özünə yönəlməlidir. Özünə qarşı tələbkar olmayan, öz gücünə inanmayan tələbənin başqalarından hörmət və etibar tələb etməyə haqqı yoxdur. Keçdiyi yol ərzində topladığı təcrübə isə müasir tələbəyə ideyalarını həyata keçirməyə yalnız yardımçı olmalıdır. Bu təcrübə ayrı-ayrılıqda qazanılmır, tələbə adlı qrupun şüuraltısına intuitiv olaraq ötürülür. Kollektiv şüursuzluq özünəməxsus tələbə ənənələri, davranışları yaradır ki, yalnız zaman keçdikcə müxtəlif cizgilər əlavə olunur: zamanın tələbləri ilə ayaqlaşma, modern həyat tərzi, informasiya texnologiyalarından yararlanma və s.

2004-cü ildən Azərbaycan təhsil sistemində tətbiq edilən Boloniya sistemi də tələbələrin qarşısında bir çox imkanlar açıb. Avropa təhsil məkanına inteqrasiya, intellekt mübadiləsi müasir tələbənin sərhəddən kənara çıxma ehtiyacını ödəməyə yönəlib. Boloniya sisteminin “ömür boyu təhsil prinsipi” əsasında bir neçə il bundan qabaq istehza ilə yanaşılan “əbədi tələbə” xitabı artıq reallığa çevrilməkdən əlavə xüsusi avantaj da qazanıb. Məhz bu prinsip əsl müasir tələbənin davamlı və daimi özünütəhsilinə şərait yaradır.

Tələbə biliklə doldurulmalı qab deyil, sadəcə bir balaca təkan verib alovlandırılmalı məşəlin qığılcımıdır. Bu qığılcımı alovlandırmağa istər tələbə, istərsə də müəllim eyni dərəcədə məsuliyyət daşımalıdır. Axı bu qığılcımın özü də “əbədi tələbə” Prometeyin mirasıdır.

Elə isə gəlin “hərə öz məşəlini alovlandırsın!”

Abbasquliyeva Şəhanə
Bakı Slavyan Universiteti
“Ədəbi tənqidin nəzəriyyəsi və tarixi”
 ixtisası üzrə I kurs magistrant

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı