
Deputatlığa keçmiş namizəd, hərbi xidmətdən yayındığı üçün həbs edilən gənc fəal Bəxtiyar Hacıyev şərti azadlığa buraxıldıqdan sonra onun hakimiyyətə yaxın olması haqda səslənən fikirlərlə bağlı Modern.az-a münasibət bildirib.
B.Hacıyev haqqında səslənən fikirlərin əsassız olduğunu deyərək iqtidaryönlü “İrəli” İctimai Birliyinə üzv olmaq üçün müraciət etmədiyini vurğulayıb.
““İrəli” İctimai Birliyinə qoşulmağımla bağlı yayılan fikirlər yalnışdır. Belə bir fikrim yoxdur. Nə də mövqeyimdə dəyişiklik olub. Həbsdən əvvəl hansı mövqedə idimsə, indi də o mövqedəyəm. Mən hakimiyyətin yox, sadə vətəndaşların yanındayam. Bu ölkənin iqtidarı da, müxalifəti də bizimdir. Mövqelərimiz üst-üstə düşməyə bilər, amma insani münasibətləri hər zaman qorumaq lazımdır. Yenə deyim ki, bilmirəm haqqımda kim bu xəbəri yayıb, amma belə bir müraciətim olmayıb. Ancaq yenə bu təşkilata uğurlar arzulayıram. Mənim bu təşkilata üzv olmaq fikrim yoxdur”, - gənc fəal bildirib.
B.Hacıyev səhhəti ilə bağlı xaricə getmək istədiyini deyib:
“Xaricə müalicə olunmaq üçün getmək istəyirəm. Amma şərti azadlıqda olduğuma görə, ölkədən kənara çıxa bilmirəm. Burada qaldığım müddətdə fəaliyyətimi bərpa edirəm. Səhhətimdə ciddi problem olmasa da, həbsxanada qalmaq asan deyil”.
Qeyd edək ki, gənc fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılmasından sonra Azərbaycan iqtidarına yaxın olması ilə bağlı məlumatlar yayılıb. Hətta, onun “İrəli” təşkilatına üzv olmaq üçün müraciət etdiyi də bildirilib.
Anar RÜSTƏMOV