Nəsib Quliyev: “Bu il 3 nəfərin tibbi göstəriş əsasında xaricdə müalicəsi üçün qərar qəbul olunub”
Ölkəmizdə müalicəsi mümkün olmayan bəzi xəstələr dövlət hesabına xaricə göndərilirlər. 6 ildir ki, bu proses davam edir. 2012-ci ildə də müalicə məqsədilə xaricə göndərilənlər olub. Amma bu xəstələrin sayı ildən-ilə azalır. Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyindəki “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”nın sədri Nəsib Quliyev məlumat verib.
N.Quliyev bildirib ki, 2005-ci ildə təşkil olunan komissiyanın məqsədi ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrin xaricdə sağalmasını təşkil etməkdir.
“2005, 2006, 2007-ci illərdə xaricə göndərilənlərin sayı çoxluq təşkil edirdisə, onların sayı 100 nəfərə qədər olurdusa, indi bu say azalıb. Azərbaycanda kordocərahiyyə, uşaq kordocərahiyyə xidmətinin yaradılması, ölkədə müasir səviyyəli onkoloji, talassemiya, böyrəkköçürmə mərkəzlərinin yenidən qurulub fəaliyyətə başlaması, bu xidmət sahələrinin ən müasir səviyyədə yenidən qurulması, ilbəil xaricə müalicəyə gedənlərin də sayının azalmasına səbəb olur.
Komissiya sədrinin sözlərinə görə, 2011-ci ildə quruma 1282 nəfər müraciət edib və onlardan 5 nəfər ölkədən kənar müalicəyə göndərilib. 2012-ci ildə göndərilənlərin sayına gəldikdə, N.Quliyev qeyd edib ki, bu ilin 6 ayı ərzində 684 nəfər qeydiyyatdan keçib və 3 nəfərin tibbi göstəriş əsasında xaricdə müalicəsi üçün qərar qəbul olunub.
“Yaxın günlərdə ümumiyyətlə, bu komissiyanın fəaliyyət göstərməsinə ehtiyac qalmayacaq, çünki səhiyyəmizin sürətli inkişafı, səhiyyəmizə dövlət qayğısının yüksək səviyyədə həyata keçirilməsi, kompleks şəkildə həm kadr, həm də müasir avadanlıqlarla təchiz olunma, Səhiyyə Nazirliyi tərəfindən aparılan uğurlu islahatlar, yenidənqurma, bərpa işləri ilə bağlı düşünürəm ki, bu komissiyanın fəaliyyətinə ehtiyac qalmayacaq.”
N.Quliyevin sözlərinə görə, bir qayda olaraq xəstələr qonşu ölkələrə göndərilir. “Bunların sırasında birinci yerdə Türkiyə, Rusiya, Ukraynadır. Avropa ölkələrinə xəstə göndərmirik. Əgər 2005-2006-cı illərdə ürək qüsuru, onkoloji, cərrahi problemlərlə bağlı göndərilənlər var idisə, indi bu rəqəm sıfıra çatıb. Hazırda ancaq bəzi mürəkkəb, neyrocərrahi əməliyyatlara ehtiyac olanda xəstələri göndəririk. Komissiyanın sonuncu iclası iyun ayının 14-də keçirilib. Həmin tarixdən bəri 15 nəfər bizə müraciət edib”, – deyə N.Quliyev bildirib.
Nihadə Eyyubova