Bu gün kənd təsərrüfatı naziri İsmət Abbasov Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker ilə görüşüb və ikitərəfli müqavilə bağlayıb. Tədbirdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinin müzakirəsi aparılıb.
Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, bu gün Azərbaycan əhalisinin 48 %-i rayonlarda yaşayır. Əhalinin 1,5 milyardı isə məhz kənd təsərrüfat sahəsində çalışanlarıdır. Bu isə ümumi iqtisadiyyatda çalışanların 39%-ni əhatə edir. Nazir onu da bildirib ki, 9 növ verginin 8-i kənd təsərrüfatı sahəsində alınır. Onun sözlərinə görə, kənd təsərrüfatına müxtəlif subsidiyalar da verilir:
“Kifayət qədər mal-qaramız olsa da, onların məhsuldarlığı bizi qane etmir. Ona görə də Almaniya və Avstraliyadan iribuynuzlu heyvanlar gətirilir. Həmçinin məhsuldarlığı artırmaq üçün süni mayalanma proqramı həyata keçirilir”.
Bu il kənd təsərrüfatı sahəsində 5-6% civarında artım olduğunu deyən nazir cari ilin beş aylıq yekununda bu rəqəmin 7.1 % -ə çatdığını bildirib.
Türkiyənin ərzaq təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker də çıxış edərək iki ölkənin corafiyasının eyni olduğunu və bu hövzədə kənd təsərrüfatı sahəsində müştərək işlər görməyin mümkünlüyündən danışıb. Onun sözlərinə görə, hər iki ölkənin sağlıqlı qida ilə təmin etmək üçün bura gəliblər. O, kənd təsərrüfatı sahəsinin gəlirlərinin 23 milyarddan 63 milyarda qalxmasını böyük nailiyyət adlandırıb.
Tədbirin sonunda iki ölkə arasında müqavilə imzalanıb.
Gültəkin Ələsgər