Milli Məclisin iyunun 29-da keçirilən növbədənkənar sessiyasının son iclasında deputat Fəzail Ağamalının müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio yayımı haqqında” qanuna layihəsinə münasibət bildirib. Bu zaman o, İctimai Televiziyanı tənqid atəşinə tutub
Deputat deyib ki, İctimai Televiziya əslində Azərbaycan cəmiyyətinin bütün tərəflərin özündə əks etdirən obyektiv, ədalətli bir televiziya və radio şirkəti statusunu özündə ehtiva edir.
”Əslində belə olmalıdır. Gəlin görək belədirmi? Belə deyil” – deyən F.Ağamalı əlavə edib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktor sözün həqiqi mənasında diktator kimi, özünün düşündüyü kimi prinsipləri həyata keçirməli deyil.
”Ona görə mən İctimai Televiziyanın və radionun fəaliyyətindən çox narazıyam. Bir millət vəkili kimi düşünürəm ki, buna son qoyulmalıdır”.
F.Ağamalı bildirib ki, İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri daha da artırılmalıdır ki, baş direktor öz bildiyini edə bilməsin: “Bütün səlahiyyətlər faktiki olaraq onun baş direktorunun və indiki İsmayıl Ömərovun əlində cəmləşir. Bu isə düşünürəm ki, çox qorxulu tendensiyadır”.
Modern.az