Modern.az

Yusif Şeyxov: “Nazirlik rejissor ssenarisinə heç bir müdaxilə etmir”

Yusif Şeyxov: “Nazirlik rejissor ssenarisinə heç bir müdaxilə etmir”

Aktual

2 İyul 2012, 09:45

Dövlət sifarişi ilə çəkilən yeni filmlərə payızda baxa biləcəyik


Son dövrdə dövlət sifarişi ilə çəkilən filmlərin sayı, müşahidələrə əsasən, ilbəil azalır. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov isə Modern.az-a açıqlamasında bu qənaətlə razılaşmır: “Azərbaycan kinosunun “qızıl dövrü” adlandırılan ötən əsrin 70-80-ci illərində çəkilən filmlərin sayına artıq yaxınlaşmışıq”.

“90-cı illərin əvvəllərində dövlət sifarişi ilə ümumiyyətlə, film çəkilmirdi. Ancaq şəxsi vəsaitlər hesabına kinoistehsal mövcud idi. 1993-cu ildən etibarən dövlət büdcədən kinoya pul ayrılmağa başlandı. Bu vəsait ildən-ilə artaraq 6,5 milyon manata çatıb”, – deyə Yusif Şeyxov bildirib.  

Sektor müdirinin sözlərinə görə, ildə 4-5 bədii, 15-20 sənədli, 1-2 cizgi filmi çəkilir. Filmlərin ildən-ilə azalması barədə qənaət yanlışdır. “MDB dövlətləri arasında iki-üç ölkədən biriyik ki,  kinoya dövlət büdcəsindən bu həcmdə pul ayrılıb”.

Y. Şeyxov qeyd edib ki, mümkün olduqca, filmlərin bütün rayonlarda olmasa da, bəzilərində təqdimatı keçirilir. “Filmlər disk şəkilində  buraxılır. Bu, da kinonun tamaşaçıya çatdırma  imkanlardan biridir. Başqa bir məsələ var ki, bizdə kinoteatrlar şəbəkəsi zəifdir. Kinoteatrların  böyük hissəsi dövlət özəlləşdirmə proqramına əsasən özəlləşdirilib. Təəssüf ki, onların yeni sahibləri binalardan kinoteatr kimi istifadə etməyə tələsmir, başqa məqsədlər üçün istifadə edirlər. Amma özəl kinoteatr şəbəkəsi artıq formalaşmağa başlayıb. Bakıda bir neçə belə obyekt var ki, orada kino göstərirlər. 1997-ci ildən özəl kinostatusunda fəaliyyət göstərən “Azərbaycan”  kinoteatrı, “Cinema Bulvar” adlı bir çox kino müəssisələri var. Hətta  Bakıda tikilən ticarət, əyləncə mərkəzlərində kinokomplekslər var. Sahibkarlar artıq başa düşüblər ki, kino gəlir gətirən sahədir və bu, bütün dünyada belədir. Azərbaycanda da bu, tətbiq olunmağa başlayıb və bu şəbəkə yəqin ki, genişlənəcək. Bu kinoteatrlar bütün dünyada özəl müəssisədir. Pul qoyulan və pul götürülən bir yerdir. Film alıram, göstərirəm, bilet satıram və pul qazanıram. Yaxşı ki, bizdə də bunu artıq başa düşməyə başlayıblar”.

Sektor müdiri təmirdən sonra fəaliyyətini yenidən davam etdirən “Nizami” kinoteatrında payızdan başlayaraq artıq yeni filmlərin nümayiş olunma məsələsinə də toxunub. “Kinonun inkişafına dair dövlət proqramına uyğun olaraq, “Nizami” kinoteatrında 3 ildən artıq idi ki, yenidənqurma işləri aparılırdı. Çox müasir avadanlıqlarla kinoteatr təmir olunub. Düzü,   kinoteatrda əsasən, xarici kino filmlər nümayiş olunur. Dünya premyeraları da “Nizami”  kinoteatrında da baş tutur. Yarım ilə yaxındır ki, kinoteatr fəaliyyət göstərir. Orada onlarla tədbir keçirilir. O cümlədən xarici dövlətlərin kino həftələri, kino günləri, xarici filmlərin təqdim olunması, yəni kinoteatrda kino mərkəzinin statusunu doğrultmaq üçün işlər görülür, tədbirlər aparılır. Belə qəbul olunub ki, kino mövsümü payızda başlayır. Payızda Azərbaycan filmlərinin  təqdim olunması ardıcıl olaraq, “Nizami” kinoteatrında keçiriləcək. Ən böyük tədbirimiz isə  avqustun 2-də Kino Günü ilə bağlı keçiriləcək. Sentyabr ayından başlayaraq kinoteatrda yeni çəkilən filmlər – “Buta”, “Aktrisa”, “Vəkil hanı?” və s. kimi filmlər göstəriləcək”.

Y. Şeyxov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi yanında kino üzrə ekspert şurası fəaliyyət göstərir. “Bu şuraya tanınmış kino xadimləri daxildir. Kinonun bütün sahələrini təmsil edən mütəxəssislərdir. Onlar ssenariləri oxuyur, bəziləri qəbul olunur və böyük əksəriyyəti qəbul olunmur. Qeyri-peşəkar və başqa səbəblər üzündən. Təsdiq olunmuş ssenarilər yenidən onu təqdim edən studiyalara, prodüser mərkəzlərinə qaytarılır. Kinoda rejissor ssenarisi adlı anlayış var. Nazirlik tərəfindən təsdiq olunmuş ssenari sonrakı mərhələdə rejissor ssenarisi halını alır.   Rejissor ədəbi ssenarini necə görürsə, o cür də təsvir etməyə müəllif hüququ var. Təbii ki, ssenarinin ümumi süjet xəttini, mövzusu, ideyasını dəyişməmək şərti ilə. Nazirlik də sonradan rejissor ssenarisinə heç bir müdaxilə etmir”, – deyə Y. Şeyxov qeyd edib.

Nihadə  Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı