“Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan təsəvvür etmirik”
Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda keçirilən tədbirdə bildirib.
Konfransa çıxış edən Ə.Həsənov QHT-lərin Azərbaycanın ictimai həyatındakı rolundan söz açıb:
“Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir: “Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafın vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik. QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur”.
Ə.Həsənov müzakirələrin formal xarakter daşımadığını və təkliflərin təhlin ediləcəyini vurğulayıb.
“Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydiyyata alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir”, - deyə PA rəsmisi qeyd edib.
Modern.az