Şöbə müdiri: “Qarpızdan qarpıza fərq var”
Yayın isti günlərində qida məhsullarından zəhərlənənlərin sayı başqa mövsümlərə nisbətən çox olur. Çünki temperatur yüksəldikcə qida məhsullarında kimyəvi reaksiyalar gedir. Bu da insan səhhəti üçün çox təhlükəlidir. Ən ciddi problem də odur ki, bu xoşagəlməz hadisələrin əksəriyyəti vətəndaşların keyfiyyətsiz, saxlanma şəraiti sanitar-gigiyenik qaydalara uyğun olmayan, eləcə də küçə ticarəti zamanı satılan məhsullardan qidalanmalar zamanı baş verir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Modern.az-a açıqlamasında bildirdi ki, qida zəhərlənməsi hər zaman mümkündür. Şöbə müdirinin fikrincə, zəhərlənmənin mövsümlə əlaqəsi yoxdur. Amma mövsümi günlərdə zəhərlənmə riski artır. İ.Abdullayev qeyd etdi ki, yay aylarında qidadan zəhərlənmə riski daha çoxdur. Mövsüm başlayandan bu günə kimi məişətdə zəhərlənmələrin sayı 400-dən çox olub.
Şöbə müdirinin sözlərinə görə, qida düzgün saxlanılmırsa, bu risk mövsümdən asılı olmayaraq artır. Yay aylarında qida zəhərlənməsindən qorunmaq üçün qidanı düzgün qəbul etməyin lazımlığını vurğulayan İ.Abdullayev məsləhət görür ki, qida termiki emal tələb edirsə, soyuq mühitdə saxlanması vacibdirsə, yuyulmaq tələb olunursa, bunlara əməl edilməlidir: “Göyərti, tərəvəz suyun altında mütləq yuyulmalıdır. Hər bir qidaya uyğun gigiyena şərtinə əməl olunduqda, zəhərlənmədən qaçmaq mümkündür”. Şöbə müdiri əlavə etdi ki, istənilən bitki məmulatından düzgün aqrokimyəvi qaydalara riayət olunmayıbsa, kimyəvi zəhərlənmələrin baş verməsi mümkündür. “Belə zəhərlənmə Azərbaycanda hələlik qeydə alınmayıb”.
“Bir müddət bundan əvvəl əlaqədar orqanlar qarpızdan ehtiyatlı olmağı məsləhət görmüşdü. Doğrudan da yay mövsümündə qarpız da əhali üçün xeyli problemlər yaradır. Məsələ bundadır ki, bu məhsul yetişdirilərkən dərman vasitələrindən kütləvi şəkildə istifadə olunur. Bu da çox təhlükəlidir. Təbii yolla yetişdirilən qarpıza nisbətən süni yolla yetişdirilən qarpızda mürəkkəb kimyəvi reaksiyalar gedir. Bu da əhali üçün böyük təhlükə mənbəyidir” – deyə İ.Abdullayev vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, mövsümlə əlaqədar qarpızdan zəhərlənmə baş verməsə də, bu bostan bitkisi ilə də ehtiyatlı olmaq lazımdır. Çünki indi bazarlara çıxarılan qarpızlar istixana məhsuludur. Odur ki, zəhərlənmələrin baş verməməsi üçün ilk növbədə belə məhsullar bazara çıxarılmamışdan öncə tərkibi mütləq yoxlanılmalıdır.
Gültəkin Ələsgər