
Bakıdakı bəzi ali məktəb rektorları avtoritar rejim yaradıblar
Bakıda bir sıra ali məktəb rektorlarının mühafizəçi ilə gəzməsi barəsində mətbuatda dəfələrlə yazılar getməsinə baxmayaraq, vəziyət dəyişmir.
Modern.az tələbələrin şikayətlərini nəzərə alaraq, yenidən bu mövzuya müraciət edib.
Mühafizəçilərdən özlərinə qalxan düzəldən rektorlar vəziyyəti hətta o yerə çatdırıblar ki, onlar universitet binasına daxil olarkən tələbələr üzlərini divara çevirməyə məcbur edilir. Sanki Günəş allahı “RA” universitetə daxil olur.
Bu gün Azərbaycanda bir neçə universitet rektoru tələbələrlə arada belə “pərdə” saxlayır. Rektorun ali məktəbə bu şəkildə daxil olması təbii ki, tələbələri təhqir etməkdən başqa bir şey deyil. Görəsən həqiqətən də onların tələbələrə qarşı belə təhqiredici hərəkətləri, özlərinin ətrafında daim 5-6 mühafizəçi gəzdirməsi qanunauyğundurmu?
Millət vəkili Fazil Mustafa belə rektorların sırasında Azərbaycan Dövlət Neft Akademiyasının rektorunun olduğunu da bildirib. Onun sözlərinə görə hətta bu rektor ali məktəbə daxil olarkən akademiyada mərtəbələr bağlanır:
“Azərbaycan Dövlət Neft Akademiyasının rektoru avtoritar rejim yaradıb. Ən pisi isə odur ki, rektorlar tələbənin şəxsiyyətinə hörmət etmirlər. Onlar hesab edirlər ki, özlərini yuxarıdan aparsalar, daha çox reytinq qazanarlar. Halbuki, tələbə ilə daha yaxın, sadə davranan rektorlar hörmət qazanarlar. Tələbəyə hörmətsiz yanaşan hər hansı rektoru tələbənin cəzalandırmaq imkanı yoxdur. Çünki rektoru tələbə seçmir. Sadəcə, rektor alicənab olanda başa düşür ki, o bu postda oturduğuna görə tələbəyə borcludur. Ona görə də tələbə ilə daha səmimi və alicənab davranar. Amma mən bir sıra rektorların adlarını çəkə bilərəm ki, məsələn, Pedaqoji Universitetin rektoru Yusif Məmədov, Slavyan Universitetinin rektoru Kamal Abdulla sadə və yüksək səviyyəli ziyalılardılar. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevi də sadə, normal münasibət yaradan rektorlardan biri kimi tanımışam”.
Keçmiş təhsil naziri Firudin Cəlilov isə bildirir ki, ali məktəblərimizdə hərbi polis rejimi hökm sürür:
“1990-cı illərin tələbələri ilə indiki tələbələri müqayisə etsəniz, çox önəmli fərq görəcəksiniz. O zamanlar siyasi proseslərdə ön sıralarda tələbələr idi. Bu gün isə sanki heç tələbə yoxdur. Bütün bunların hamısı rektorların dırnaqarası fəaliyyətidir. Əslində rektorlar seçilməlidir. Və yaxud da seçimdə iştirak edən tələbələr olmalıdır. Biz bunu 1992-ci ildə təhsillə bağlı qanuna yazmışdıq. İndi bu qanundan çıxarılıb. Əgər rektoru tələbə seçərsə, o tələbələrdən asılı olacaq. Həftədə, ayda bir dəfə tələbələrin qarşısında hesabat verəcək, onların problemi ilə maraqlanacaq. Rektorlar təyin olunduqları üçün ali məktəblərə baba mülkləri kimi baxırlar. Bu gəncliyimiz üçün böyük mənəvi zərbədir və onların tərbiyəsini pozur. 21-ci əsr olmasına baxmayaraq, hərbi polis rejimidir. Rektorların qəbuluna düşmək mümkün deyil”.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva isə keçmiş təhsil nazirindən fərqli olaraq, əvvəlki illərlə müqayisədə indi rektorların tələbələrə münasibətinin çox yaxşı olduğunu deyir:
“Bizim dövrümüzdə mən rektorla təmasda ola bilmişəm. Çünki Elmi Şuranın üzvü idim. Ümumilikdə götürdükdə isə tələbələrin rektorla ünsiyyəti çox çətin bir məsələ idi. O zaman rektorun qəbuluna düşmək nəsə qeyri-adi bir şey idi. Amma müstəqillik əldə ediləndən sonra nəinki mənim çalışdığım Bakı Dövlət Universitetində, bütün universitetlərdə rektorun qapısı açıqdır. Hər bir tələbə sərbəst surətdə rektorun qəbuluna gəlib, öz fikrini, təklifini, şikayətini deyə bilər. Mən məhz o dövrlə indiki dövr arasındakı fərqi bunda görürəm. Şəxsən mənim çalışdığım Bakı Dövlət Unversitetində tam sərbəstlikdir, rektor içəri girəndə tələbə ona yaxınlaşıb deyə bilər ki, “Abel müəllim, mənim sizə sözüm var””.
Təhsil üzrə ekspert Etibar Əliyev rektorların mühafizəçilərlə gəzməsinin qanunauyğun olmadığını deyir:
“Dövlətin hansısa vəzifəli şəxslərinin mühafizəçilər saxlaması haqqında xüsusi qanun var. Amma bu təhsil müəssisələrində yolverilməzdir. Təhsil müəssisələrinin rəhbərlərinə qəti şəkildə qadağandır. Yəni bunu əsaslandıracaq şəkildə hər hansısa qanun yoxdur. Rektorlar bir neçə ştat işçilər ayırıblar ki, onları evindən ali təhsil müəssisəsinə, obyektlərinə qədər müşayiət etsin. Hətta bir ali məktəbdə imtahan zamanı tələbələr arasında narazılıq baş veribmiş. Rektor ora baş çəkən zaman 7-8 mühafizəçi ilə daxil olub.
Hər bir vətəndaşın, şəxsin rektorla görüşmək ixtiyarı var. Biz bunu dəfələrlə mətbuatda, televiziyada demişik. Çox təəssüflər olsun ki, heç bir ölçü götürülməyib. Bizim universitetlərin 8-nin rektoru deputatdır. Onlara deyilməlidir, axı qanun icazə vermir ki, siz mühafizəçi ilə gəzəsiniz. O qədər gülməli məqamlar yaranır ki, rektorlar ali məktəbə gələndə heç baş nazir elə qorunmur”.
Onu da qeyd edək ki, bizdə bu məsələ ilə bağlı Xəzər Universiteti, Qafqaz Universiteti təcrübəsi də var. Bu ali məktəblərdə tələbələr istənilən vaxt rekrorla görüşə bilirlər.
Şahanə RƏHİMLİ