Nobel mükafatına “layiq” ixtira: “jurnalistə heç nə deməyin”
Modern.az ayrı-ayrı dövlət məmurlarının vəzifə fəaliyyətləri ilə yanaşı, elmi fəaliyyəti ilə bağlı araşdırmalar aparır. Məmur-alimlərdən biri də Hacıbala Abutalıbovdur. Fizika elmləri doktoru elmi dərəcəsinə malik Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının kimlərin elmi rəhbəri olduğu da Modern.az-ın maraq dairəsində idi.
Axı H.Abutalıbov bir müddət Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. BŞİH-nin rəsmi saytında da qeyd olunub ki, professor H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və namizədi yetişib.
Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Təəssüf ki, BŞİH rəhbərinin elm fəaliyyəti, neçə adama elmi rəhbər olması, dissertantlarla münasibəti, elm aləmində səmərəli təklifləri barədə geniş məlumat almaq mümkün olmadı.
Fizika İnstitutunda Hacıbala Abutalıbovdan qorxurlar. Bu qənaət institutun elmi katibi Zaur Süleymanovla söhbətdən sonra yarandı. Belə ki, o, arxivə baxıb Hacıbala müəllimin aspirantlarının siyahısını Modern.az-a təqdim edəcəyinə söz versə də, ikinci dəfə zəngimizə belə cavab verdi: “Siyahı bizdə olsa da, onu sizə verə bilmərik. Direktorla əlaqə saxladım, mənə dedi ki, vermə. Qoy, gedib Hacıbala Abutalıbovun köməkçisindən özləri soruşsunlar”.
Əlac kəsildi, beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova ilə əlaqə saxlamaq lazım gəldi. Zəngimizin məqsədini anladıqdan sonra onun da cavabı belə oldu ki, “İcra Hakimiyyətində qəbul günləri var, gedib məsələni orada həll edin, mən sizə bu mövzu ilə bağlı kömək edə bilmərəm...”.
Tənbəllik etməyib Bakı Şəhər İcra Hakimiyyətinə ayaq döydük. Yarım saata yaxın orada mənimlə birlikdə qəbulu gözləyən vətəndaşlarla birlikdə qəbul otağının müdiri Tahir Məsimovun mübarək gəlişini gözlədik. Nəhayət ki, gəlib çıxdı. Elə hazırlaşırdım ki, içəri girib gəlişimin məqsədini deyim, qapıda duran polis dedi ki, “bəs Tahir müəllimə dedim, deyir ki, bu məsələyə biz baxmırıq və mətbuat xidmətindən Nuranə xanıma müraciət etsinlər”.
Yenidən Nuranə Mərdanova ilə əlaqə saxladım ki, “bəs Tahir müəllim deyir ki, bu işdə mənə siz kömək edə bilərsiniz”. Mətbuat xidmətinin rəsmisi bildirdi ki, bir neçə gün gözləyim. Çalışacaq ki, Hacıbala müəllimlə görüşərsə mənim istəyimi çatdırsın. Eyni zamanda məsləhət gördü ki, Hacıbala Abutalıbovun humanitar məsələlər üzrə müavini Fidumə Hüseynovaya da müraciət edim.
Nəhayət mətbuat xidməti rəsmisinin cavabı belə oldu: “Hacıbala müəllimin hazırda başı qarışıqdır. Onu görə bilmədim. Tədbirlərdə olur, tapşırıqları, işi çoxdur. Bir-iki nəfər var tapşırmışam. Görək də nə olur”.
Daha sonra Fidumə Hüseynova ilə əlaqə saxlayıb mövzuma görə onun kömək etməsini xahiş etdim. O tövsiyə etdi ki, bunu Elmlər Akademiyasından öyrənim:
“Bunun üçün qəbul otağı var. Buyurun, hər nə sualınız var verin onlara. Mən müavinəm. Mənim öz sahəm var. Nuranə xanım dünən mənim yanımda idi. Mən ona dedim ki, sizə belə bir sualla müraciət ediblər, nə cavab vermisiniz? Nə tövsiyə etmisiniz, nə məsləhət vermisiniz, bu xanım qıza? Nuranə xanım təcrübəsi olan işçidir. Onun sualınızı belə cavablandırmağı məndə də şübhə doğurdu. Nuranə xanım qətiyyətli şəklidə dedi ki, “mən ona heç bir istiqamət verməmişəm ki, Füdumə xanımla, ya kimləsə bu məsələni müzakirə edin”. Bu məsələ ilə bağlı siz ünvanını düzgün seçməmisiniz. İkinci məsələ də odur ki, saat 12-də Rəyasət Heyətində müzakirə var. Mən o müzakirəyə hazırlaşıram. Anlayışlı olmağınızı xahiş edirəm”.
Vəssalam...
Bizim söhbətimiz elə buradaca bitdi. Bir ayın araşdırmaları nəticəsiz qaldı. Layihəmizin siftəsinin uğursuz alınmasına görə, yəqin ki, oxucularımız bizi başa düşər. O cümlədən professor H.Abutalıbovun elmi rəhbəri olduğu 10-dan çox elmlər doktoru və namizədi...
Şahanə Rəhimli