
Xəbər verildiyi kimi iyulun 11-də Təbrizin «Traktor» komandası ilə Ağdamın «Qarabağ» klubu arasında Ankarada yoldaşlıq görüşünün keçirilməsi gözlənilir. Oyun hər iki komandanın Türkiyənin Ankara şəhərindəki «Patalya Thermal Resort» otelindəki təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Əslində Ağdam komandasının planında həmin tarixdə yoxlama oyunu olmayıb. Lakin «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nəzərə alaraq tarixi oyunun keçirilməsinə şərait yaradıb.
Xatırladaq ki, «Traktor» iyunun 30-dan Türkiyədə təlim-məşq toplantısındadır. Bu mövsüm Təbriz komandası ilə birillik müqavilə imzalayan portuqaliyalı məşqçi Antonio Oliveyranın qərarına görə, «Traktor» təlim-məşq toplantısı zamanı üç yoldaşlıq görüşü keçirəcək. Bunlardan ikisi Rusiya, biri isə Azərbaycanın «Qarabağ» komandası olacaq. İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbriz komandası ötən mövsüm ikinci yeri tutaraq Asiya Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, bu, Güney və Quzey Azərbaycan futbol komandaları arasında ilk qarşılaşmadır və rəmzi xarakter daşıyır.
Modern.az saytı “Bu qarşılaşmada hansı komandanın qalib gəlməsini istərdiniz” sualı ilə sorğu keçirib.
Məşhur jurnalist Mirzə Xəzər bu qarşılaşmanı “tarixi hadisə” adlandırıb: “Sevindirici xəbərdir. Hər ikisi Azərbaycan komandasıdır. Hər ikisinə uğurlar arzu edirəm. Bu cür təmaslar çoxaldıqca, İranda yaşayan soydaşlarımız arasında milli mənlik, milli şüur, milli mənsubiyyət hissi də güclənəcək”.
Xalq şairi Vaqif Səmədoğlu “oynayan aparsın” deyir: “Kim yaxşı oynasa, o qələbə çalsın. O gün olsun ki, "Traktor" klubunun bir neçə futbolçusu Azərbaycan milli yığma komandasında təmsil olunsun”.
İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu hər iki komandaya uğurlar arzulayıb: “İstərdim ki, hesabda bərabərlik olsun. Dostluq və qardaşlıq qazansın”.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay futbolla maraqlanmadığını deyir. Eyni zamanda o “Qarabağ” klubunun yarışmadan qalib çıxmasını arzulayır.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “Belə oyunlarda qalib olmur” deyərək, bu qarşılaşmanın özünün artıq qalibiyyə t olduğunu vurğulayıb: “Elə bil, iki övladın var. Səndən soruşhurlar ki, onlardan hansını daha çox istəyirsən? Bu sual da ona bərabərdi”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da bu qarşılaşmada nəticənin yox, belə bir yarışmanın gerçəkləşməsinin əsas olduğunu bildirir: “Burda haradasa bir simvolika var. Bu və ya digər dərəcədə əsarət altında olan iki Azərbaycan şəhərinin - Təbrizin və Ağdamın futbol komandalarının məhz Ankarada qarşılaşması əlamətdar hadisədir. Ona görə də qarşılaşmada kimin qalib gələcəyi artıq fərq etmir. Hər ikisi bizimdir. İstənilən halda qələbəyə sevinəcəyik”.
Modern.az