Bakı şəhərində faəliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbəsi xüsusi bacarıqları ilə fərqlənərək paytaxtımızda keçirilmiş 57-ci “Eurovision - 2012” mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçiliblər.
“Euroision-2012” müsabiqəsində işləyən şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi məşğul olub.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, könülllər 4 aparıcı təşkilatın- Azərbaycan Tələbə Gənclər Təşilatları İttifaqının, “İRƏLİ” İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılmışdılar. Müraciət edənlər nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılmışdılar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət edibmiş və ilkin mərhələdə yalnız 750 nəfər könüllü buraxılıb.
“Qeyd etmək yerinə düşər ki, müraciət edən şəxslər çox ciddi şəkildə yoxlanılmış və bal sisteminə əsasən qruplara bölünmüşdülər ki, bu da gələcəkdə tələb olunan işlərə uyğun könüllülərin cəlb edilməsində böyük rol oynamışdır.
600 nəfər isə rezerv kadr kimi saxlanmış və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilmişdir. Beləliklə, nazirlik tərəfindən 1000 nəfərə yaxın könüllü bu yarışmada könüllü qismində çalışıb”-deyə nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib.
Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, layihəyə müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılıb.
Gələcək işlərinə stimul olmaq məqsədilə nazirlik 7 iyul 2012-ci il tarixdə saat 19.00-da “Buta Palace”-da könüllülər üçün əyləncəli gecə və sertifikatların təqdimetmə mərasimini təşkil edəcək. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Heydər Əliyev Fondunun, Prezident Aparatının rəsmilərinin iştirakı nəzərdə tutulub.
Modern.az