Deputat: “Əsas odu seçdiyin sahənin mütəxəssisi olasan...”

İxtisas seçimi çətin məsələdir. Həm də indi – elmi-texniki yeniliklərin sürətlə artdığı dövrdə. Artıq dəbdən düşmüş ixtisaslar da var. Bununla bərabər, valideyn tövsiyəsi ilə peşə-ixtisas seçimi vərdişindən də cəmiyyət xilas olmayıb.
Deputat Kamilə Əliyeva mövzu ilə bildirdi ki, əvvəlki dövrlə müqayisədə indiki peşə-ixtisas seçimində kəskin fərq var: “Əvvəllər qızların həkim olması, oğlanların isə hüquq sahəsinə yiyələnməsi dəb halını almışdı. İndi o, psixologiya tamamilə dəyişib. Əvvəlki dövrlə müqayisədə daha az humanitar sahələrə maraq olsa da, indi humanitar sahədə ancaq tərcüməçilik sahəsinə maraq var. Hazırda dəqiq elmlərə, daha çox iqtisadi sahələrə daha çox axın baş verir”.
K. Əliyevanın sözlərinə görə, peşə-ixtisas seçimində valideynin uşaqlara təsirini qınadı: “Hər bir valideyn istəyir uşaq bildi-bilmədi, qabiliyyəti var-yoxdur, ali təhsil alsın. Sonradan uşaqlar həmin balı yığmayıb, kənarda qalırlar və bu onlarda pessimistlik yaradır. Əlbəttə, ali təhsil almaq çox yaxşıdır. Ancaq o da baxır uşağın qabiliyyətinə. Əgər uşağın qabiliyyəti varsa, valideyn onu hansısa istiqamətə yönəldə bilər. Ancaq valideynin uşağı həkim, jurnalist və ya hakim olmağa məcbur etməyi düzgün deyil. Əgər uşağın qabiliyyəti ali məktəbə daxil olmaq dərəcəsində deyilsə, onu peşə almağa yönəltməlidirlər. Əsas odur seçdiyin sahənin mütəxəssisi olasan”.
Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin məzunu Cəmilə Novruzova bir neçə il əvvəl məzun olsa da, özünə iş tapa bilmədiyindən şikayətləndi. O, son əlacı xarici dil və kompüter kurslarına getməkdə görüb. Kursa getdikdən sonra ixtisasına aidiyyatı olmadığı bir sahədə çalışır. Çalışdığı sahə barədə məlumat vermək istəməsə də, C. Novruzova bildirir ki, əmək haqqının azlığına baxmayaraq, işindən razıdır: “Artıq müəyyən yaşa çatmış biri kimi artıq ailəm mənə yox, mən ailəmə yardım etməliydim, ailəmdən nəsə gözləməli deyildim. Öz gücümə nəsə etmək, həyatda nəsə qazanmaq istəyirdim. Əsas odu heç vaxt ruhdan düşmədim, qarşıma məqsəd qoydum və çatdım. Heç vaxt ümidini itirməməlisən. Mən qarşıma məqsəd qoydum, ümid etdim və sonda çox şükür qazandım”.
Aygün Asifqızı