ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nyu-Yorkda fəaliyyət göstərən Radio Türküm radiosunun canlı yayımının qonağı olub.
3 saatdan artıq davam edən canlı yayımda Qənirə Paşayeva 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş şəkildə yaymaq.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili əlavə edib.
Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda millət vəkili Azərbaycan prezidenti İlham Əliyevin “bir millətin iki diasporası olmaz” kəlamını vurğulayaraq, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da fəaliyyət göstərən bütün türk soylu diaspor təşkilatlarının bütün Türk millətini narahat edən məsələlərdə ortaq mövqe nümayiş etdirmələrinin və qarşılıqlı şəkildə fəaliyyət göstərmələrinin vacibliyini də qeyd edib. “Bir millət, iki dövlət”olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin və əməkdaşlığın bütün istiqamətlərdə və sahələrdə getdikcə daha da genişləndiyini bildirən millət vəkili əlavə etmişdi:
“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Çünki Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”, - deyə millət vəkili əlavə etmişdi. Qənirə Paşayeva eyni zamanda böyüyən türk gəncliyinin tariximizə sahib çıxmaları üçün ortaq tariximizi öyrənmələrinin vacibliyini də qeyd edib.
Modern.az