Dövlət Baytarlıq Xidməti: “Narahatçılığa heç bir əsas yoxdur”
“Quş qripi Meksikada, Çində, Cənubi Afrikada və Hindistanda aşkarlanıb. Bu ölkələrdən isə Azərbaycana quş və quş əti məhsulları idxal edilmir”.
Bunu
Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, quş qripi ilə bağlı ölkəmizdə epizootik vəziyyət stabildir. Odur ki, narahatçılığa heç bir əsas yoxdur.
“Virus Meksikada, Çində, Cənubi Afrikada və Hindistanda aşkarlanıb. Bu ölkələrdən isə Azərbaycana quş və quş əti məhsulları idxal edilmir. Ona görə də bununla bağlı narahatçılığa heç bir əsas yoxdur”, – deyən Y.Xanvəlinin sözlərinə görə, cari ildə iki dəfə monitorinq aparıldığını növbəti monitorinqə payız ayında start veriləcək. “Bu xəstəliklə bağlı monitorinqlər köçəri quşların miqrasiyası dövründə aparılır. İl ərzində aparılan monitorinqlərdə bu xəstəliklə bağlı heç bir fakt aşkarlanmayıb. Monitorinqlər zamanı həm ev, həm də çöl quşlarında xəstəlik daşıyıcısına rast gəlinməyib”.
Qeyd edək ki, artıq Meksikanın qərbində H7N3 (quş qripi) virusu aşkar edilib. Yoxlamalar nəticəsində 2.5 milyon toyuqdan 1 milyonunda xəstəlik aşkar edilərək məhv edilib. Meksikanın Xalisko əyalətində isə 129 fermada araşdırma aparılıb, 24 fermada virus aşkarlanıb. Artıq həmin bölgədə karantin elan edilib.
Gültəkin Ələsgər