“İdman və Mədəniyyət kanallarının açılışı ilə nə idman, nə də mədəniyyət jurnalistikası inkişaf elədi”
“Uşaq televiziyasının açılması hələ uşaq jurnalistikasının formalaşması demək deyil”. Bu sözləri Modern.az-a açıqlamasında media eksperti Zeynal Məmmədli son günlər uşaq televiziyasının yaradılması haqqında gedən söhbətləri şərh edərkən deyib.
“Sovet dövründən öyrənmişik ki, iki cür inkişaf var: genişlənərək və dərinləşərək. Azərbaycanda həmişə ekstensiv inkişaf gedir. İdman və Mədəniyyət kanalları açıldı. İndi deyə bilərikmi ki, Azərbaycanda bu kanallar açıldıqdan sonra idman və mədəniyyət jurnalistikası inkişaf elədi və özünə bəlli bir auditoriya topladı? Həmin kanalların həftəlik proqramları belə dərc olunmur. Bundan sonra uşaq televiziyasının məhz bu kanallara bənzəməyəcəyini necə sübut edə bilərik? Ümumiyyətlə, bütün bu kanalların açılmasına büdcə pullarının sovrulması kimi baxıram. Yəni seçicilər qarşısında öhdəliklərin yerinə yetirilməməsi, ictimai dəyərlərin gözdən salınması kimi baxıram”.
Z. Məmmədli qeyd edib ki, uşaq televiziyası açılsa da, yenə də aşağı səviyyəli olaca.
“Mövcud kanallarda olan uşaq verilişlərinə baxaq. Onların hamısı aşağı-yuxarı bir-birinə bənzəyir. Layihələrin müzakirəsi getmir, layihələrə müsabiqə elan edilmir, bütün bu işlər şəffaf şəkildə getmir. Şəffaf şəkildə formalaşdırılmır ki, bu kanallara kimlər götürüləcək, burada ictimai nəzarət olacaqmı? Mənim ora mənfi münasibətim bu baxımdandır”.
Media ekspertinin sözlərinə görə, söz, mətbuat və ifadə azadlığının problemlərinin çözülməsi lazımdır. Onun sözlərinə görə, insanların fikrini ifadə etməklə bağlı problem olmayanda və ya problemlər az olanda, plüralizm, cəmiyyətdə müxtəlif baxışlılıq oturanda onda uşaq televiziyası ilə bağlı məsələlər də öz-özünə çözüləcək.
“Uşaq televiziyasının yaradılması üçün uşaqlarla bağlı seriallar, cizgi filmləri, kukla filmləri çəkmək, intellektual yarışmalar, olimpiadalar, müsabiqələr keçirməli, bu yarışları ümumxalq, bəzən türkdilli xalqlar, bəzən hətta dünya çevrəsinə çıxarılmalıdır. Yoxsa bu gün baxaq görək televiziyalarda yaş qrupları ilə bağlı hədəf auditoriyaları varmı? Uşaq kimi danışıb veriliş hazırlamaqla deyil”.
Z. Məmmədli bildirib ki, uşağı gələcək vətəndaş saymaq, onunla bütün problemləri danışmaq, uşaqlara plüralizmi, tənqidi düşüncəni yiyələndirmək, onları müstəqil və tənqidi fikirləşməyə öyrətmək lazımdır.
“Uşaq televiziyasında bu ediləcəkmi? Edilməyəcəksə, həmin televiziyanın açılmasının nə mənası var? Əgər biz Milli Məclisdə geniş, hərtərəfli müzakirələr görmürüksə, ictimai televiziya əyləncə və “Eurovision” kanalına çevrilibsə nəticə etibarı ilə biz nə deyə bilərik? Ümumilikdə buna çox pessimist yanaşıram. Yoxsa sərbəstlik olandan sonra kadrları yetirmək olar. Uşaq televiziyasını açmaq istəyirik, amma baxmaq lazımdır ki, sərbəst bazar varmı? Yoxsa hər şeyi büdcənin üstünə yıxıb, büdcənin pullarını növbəti uğursuz layihəyə xərcləmək mənim fikrimcə məntiqsiz və eyni zamanda anti-ictimaidir”.
Aytən Əliyeva