Modern.az

“Həyata küskün olmamağımın əsas səbəbi odur ki...” - Facebook-dakı gözdən əlil

“Həyata küskün olmamağımın əsas səbəbi odur ki...” - Facebook-dakı gözdən əlil

Aktual

9 İyul 2012, 09:48

Gözdən əlil: “Qaranlıqdan qorxmayın, onun rəngini kəşf edin”


Bu insanla Facebook sosial şəbəkəsində tanış olmuşam. Öncələr onun şəkillərinə baxanda həmişə təəccüblənirdim ki, niyə qapalı məkanlarda qara eynəkdən istifadə edir. Amma bir dəfə təsadüf nəticəsində öyrəndim ki, uşaq vaxtı qəza nəticəsində görmə qabiliyyətini itirib. Lakin onun digər əlil insanlardan əsas fərqi odur ki, onda özünə qarşı heç bir kompleks yoxdur və gözü görən digər gənclərdən demək olar ki, dəfələrlə aktivdir.

– Elman, zəhmət olmasa bir az özün haqqında yaz...

– Mən Elman Süleymanov, 20 yaşım var. Qərb Universitetinin politologiya fakültəsinin tələbəsiyəm. Hazırda “Different Minds Center” şirkətinin rəhbəriyəm. Həmçinin “Azərbaycan Gənc Diplomatlar Birliyi” İctimai Birliyi təşkilatında gənc diplomat kadrlar üzrə təlim mərkəzinin rəhbəriyəm.

– Sən gözdən əlilsən, bəs universitetə hazırlıq prosesi necə oldu?

– Əlbəttə, qəbul imtahanına hazırlaşmaq heç də asan deyil bütün abituriyentlər üçün. Amma mənim üçün isə bu 5 qat daha artıq çətin idi. Mənə bu yolda ən böyük dəstəyi tarix müəllimim Kamran Əsədov verdi. Hər dəfə imtahana hazırlaşan zaman yaranan çətinlikləri aradan qaldırmaq üçün yeni bir ideya gəlirdi ağlıma və bunu tətbiq etməyə çalışırdım. Düzdür, uğurlu da olurdu, uğursuz da. Amma ən əsası o idi ki, ruhdan düşmürdüm və nəticəsində hazırda olduğum yerdəyəm.

– Qəbul imtahanı zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından hər hansı güzəşt oldumu?

– Bu sualı hamı mənə verir. Bəli köməklik etdilər amma bu güzəşt deyildi. Bu metod artıq dünyada qəbul edilib və işlənir. Mən müəyyən sənədləri təqdim etdikdən sonra TQDK mənim üçün fərdi olaraq xüsusi nəzarətçi ayırdı. Nəzarətçinin işi mənə kömək etmək və testdəki sualları mənə oxuyub, mənim seçdiyim variantları işarələmək idi. Bundan başqa digər proseduralar öz qaydası ilə aparıldı.

– Bəs universitetdə hansısa güzəştlər olurmu?

– Qərb Universiteti təhsil baxımından həddindən artıq ciddi universitetdir və burada heç bir güzəşt gözləmirəm. Sadəcə, normal olaraq, yazılı şəkildə verməli olduğum tapşırıqları, imtahan da daxil olmaqla şifahi şəkildə yerinə yetirirəm. 

– Universitetdə müəllimlərin eləcə də tələbələrin sənə olan münasibəti necədir?

– Müəllim və tələbə kollektivi ilə münasibətlərim son dərəcə yaxşıdır. Təbii ki, ilk öncə müəyyən çətinliklər olur amma sonra bu çətinlikləri aradan qaldırmaq mümkün bir şeydir.

– Bildiyimə görə, sən həm  də fortepiano müəllimi kimi də fəaliyyət göstərirsən. Nə vaxtdan piano çalırsan?

– Bəli, hazırda digər fəaliyyətlərimlə yanaşı həm de piano müəllimi kimi çalışıram. Piano çalmağa 5 yaşımdan başlamışam, İncəsənət gimnaziyasında, Bülbül adına musiqi məktəbində və 38 nömrəli musiqi məktəbində fortepiano təhsili almışam.

– Ümumiyyətlə, bütün bunlara necə nail olursan? Yəni sənə kömək edən kimsə varmı?

– Mən bütün bunlara asanlıqla nail olmamışam amma hər bir çətinlikdən keçdiyimdə digər çətinliyi keçmək üçün daha da güclü hiss edirəm özümü. Mənə dəstək olan insanlar ailəm və dostlarımdır. Amma ən çox dəstək olan şey oxuduğum kitablar və həyatda qazandığım təcrübədir. 

– Mənə maraqlıdır, sən həm mobil telefon işlədə bilirsən. Eləcə də Facebook-dan, ümumiyyətlə kompüterdən istifadə edirsən. Bütün bunları necə bacarırsan?

– Bəli, əslində, ətrafımda olan və məni yeni tanımağa başlaya insanlar ən çox bu maraqlandırır. Bunlar mənim üçün çox sadədir və nəzərə alsaq ki, texnika həyatımın ən əsas hissələrindən biri təşkil edir. Ümumiyyətlə, texnika olmayan bir yerdə özümü təsəvvür edə bilmirəm. Facebook sosial şəbəkəsindən, eləcə də internetdən istifadə etməyi ilk Türkiyədə musiqi festivalında olduğum zaman öyrəndim. Bu tam təsadüf nəticəsində oldu. Konsert zamanı hörmətli bir iş adamı ilə tanış oldum və məni qəhvə içməyə dəvət etdi. Söhbət əsnasında mənə xüsusi proqram təklif etdi. Bu proqram vasitəsilə monitoru görmədən kompüterdən sərbəst istifadə etmək mümkündür.  

– Sənin həm də gənclər mərkəzin var. Bəs bunu necə idarə edirsən?

– Doğrudur, hazırda mənim rəhbərliyim altında gənclər mərkəzi fəaliyyət göstərir. Bura fərqli düşüncəyə malik olan gənclərin toplaşdığı bir mərkəzdir. Məqsədimiz evdən dərsə, dərsdən evə bu tip passiv həyat sürən gəncləri aktiv həyata dəvət etmək, günlərini fərqli keçirməyi təmin etməkdir. “Different Minds Center” şirkəti həm tədris, həm də əyləncə təklif edir. Burada həm dil kursları, gitara və piano dərsləri, müxtəlif bölgələrə təşkil olunan əyləncəli turlar, rəqs dərsləri və s xidmətləri təqdim edir.  

– Sənin kimi ölkədə yüzlərlə gənc var. Amma çoxu həyata küskündür. Amma sən tamamilə başqasan. Bunun əsas səbəbi nədir?

– Həyata küskün olmamağımın əsas səbəbi odur ki, mənim üçün həyat bir az fərqlidir. Həyat anlayışını biz insanlar özümüz yaradırıq və insan beyninin xüsusi cazibə qüvvəsi mövcuddur. Beyin düşündüyü hər şeyi özünə çəkir. Fərq etmir bu yaxşı düşüncədir ya pis. İnsan həyatda istədiyi hər şeyi əldə edə bilər, sadəcə doğru düşünməyi öyrənməlidir. Mən hər zaman belə düşünmüşəm və təxminən 1 il əvvəl “Secret” adlı bir film izlədim. İnana bilmirdim, tam mənim düşündüklərimi izah olunurdu. 

– Ümumiyyətlə, sənin kimi gənclərə nə məsləhət görərdin?

– Qaranlıqdan qorxmasınlar, onun rəngini kəşf etsinlər. Məncə bu kifayətdir.


Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı