Saytın rəhbərliyi səfirliyin cavabını müsbət saymır
Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin axtarışı ilə bağlı İrana səfər təşəbbüsü göstərmiş Lent.az-a İslam Respublikasının Bakıdakı səfirliyindən cavab gəldi. Səfərin nə vaxt baş tutacağını və Lent-az əməkdaşına daha kimlərin yol yoldaşlıq edəcəyini öyrənmək üçün Modern.az saytın baş direktorunun müavini Səlim Əzizoğludan açıqlama alıb:
“İran tərəfindən hələ tam müsbət cavab verilməyib. İran səfirliyi razılıq verib ki, bu işə baxa bilərik. Amma artıq təklifimiz qəbul edilib deməyə əsasımız yoxdur. Dünən İran səfirliyi ilə əlaqə saxlayandan sonra bizə dedilər ki, səfirliyə gəlib burada sorğu blankını doldura bilərsiniz. Bu hardasa müsbət cavab sayıla bilər, lakin bunu tam müsbət cavab saymaq mümkün deyil. Jurnalistlərin nə zaman İrana gedəcəyinə gəlincə, bu da İran tərəfinin verəcəyi cavabla bağlıdır. Onlar nə zaman bizə tam müsbət cavab versə, o vaxt da gedəcəyik. Bu artıq bizdən yox, İran tərəfinin məsələni nə qədər sürətlə həll etməsindən asılıdır. Özümüzə qalsa, biz hətta günü bu gün əməkdaşımızı yola salmağa hazırıq”, – deyə S. Əzizoğlu bildirib.
Baş direktorunun müavininin sözlərinə görə, Lent.az-ın İrana yollamaq istədiyi əməkdaş Səbuhi Məmmədlidir: “Səbuhi Məmmədlinin namizədliyinin üzərində dayanmışıq. Müraciət edənlər çoxdur. İran səfirliyinin cavabını gözləyirik. Ola bilsin ki, İran səfirliyi heç müsbət cavab da verməsin. Amma hər halda biz ümid edirik ki, müsbət cavab olacaq. İran səfirliyinin, İran dövlətinin jurnalistlərə qoyacağı qadağa onların özünə ziyan verən bir addım olardı”.
İrana səfərin baş tutacağı halda jurnalist qrupunun qonşu dövlətdəki hansı rəsmi orqanlara müraciət edəcəyinə gəlincə, S. Əzizoğlu bildirdi: “Bu, vəziyyətdən asılıdır. İndidən deyə bilərəm ki, İran Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyik. Sözsüz ki, ilk ağla gələn bu instansiyalardır. Jurnalist araşdırması isə yerində məlum olacaq. Təbii ki, jurnalist qrupu İrandan əliboş da qayıda bilər, çünki İran tərəfi hələ Azərbaycan dövlətinin rəsmi sorğusuna cavab vermirsə, jurnalistlərin də fəaliyyəti də nəticəsiz ola bilər”.
Sonda qeyd edək ki, Lent.az əməkdaşı Səbuhi Məmmədli ilə yanaşı, bir sıra KİV nümayəndələri – APA-dan Ramil Məmmədli, “SalamNews” İA-dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, Mərkəz.az-dan Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edəcək.
Nihadə Eyyubova