Modern.az

“İmtahan başlayanda həyəcandan ağladım” - III qrupun abituriyentləri - REPORTAJ

“İmtahan başlayanda həyəcandan ağladım” - III qrupun abituriyentləri - REPORTAJ

Aktual

14 İyul 2012, 16:34


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanı keçirdi.

Modern.az əməkdaşları imtahan keçirilən ali təhsil ocaqlarından birində - Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar. Bütün imtahan məkanları kimi bu təhsil ocağının da qarşısında izdiham var idi. Abituriyentlərlə yanaşı, valideynlər həyəcan yaşayırdılar.
Gözləyənlər arasında yaşlı bir nənənin olması diqqətimizdən yayınmadı. Belə bir isti gündə Zərnişan nənənin yerində dura bilməməsi, ora-bura hərəkəti bu 70 yaşlı ağbirçəyin narahatlıq hissi keçirməyindən xəbər verirdi.
“Nəvəmi imtahana gətirmişəm. Valideynlərinin gəlməyini istəmədi, dedi ki, “nənə, sənin ayağın mənə düşərlidir, istəyirəm ki, məni sən aparasan”. İlk qız nəvəmdir, çox savadlıdır, tarixçi olmaq istəyir. Çox həyəcanlıyam, indi heç isti də gözümə görünmür, bu nəvəm üçün hər şey edərəm. Təki balam universitetə qəbul olsun”.

Digər həmsöhbətimimiz isə artıq üçüncü övladını imtahana gətirən Yusif dayı oldu. “Bir az həyəcan var, amma mən övladıma çox arxayınam, mütləq qəbul olmalıdır. Özüm də, anası da  savadlıyıq. Bu savad da genlə keçir. Valideyn savadlıdırsa, uşaq da savadlı olmalıdır. Hələki heç bir problem yoxdur, hər şey qaydasında gedir. Bütün abituriyentlərə uğurlar arzulayıram. Oğlum rəssam olmaq istəyir, mən də bir valideyn kimi övladımda qabiliyyət görürəm. Gənclər nə qədər savadlı olsa, Azərbaycanın da gələcəyi bir o qədər yaxşı olar. Təhsilə ciddi fikir vermək lazımdır, üzdən yanaşmaq olmaz”.

Gülnarə adlı digər valideyn ilk övaldının imtahana gətirdiyini dedi: “Qızım kolleci bitirib, indi də ali təhsil  almaq üçün imtahan verir. Özü hazırlaşıb. Sınaqlarda 400-450 bal  toplayıb. Hələki yaxşılıqdır,  bilirəm ki bundan sonrada yaxşı olacaq”.

İmtahanın bitməsinə yarım saat qalanda abituriyentlər yavaş-yavaş təhsil ocağından çıxmağa başladılar.
Mədinə adlı abituriyent hamıdan öncə çıxan oldu: “İmtahan təzə başlayanda həyəcandan ağladım, müəllimə mənə su verdi. Mənə demişdilər ki, su olmaz, ona görə də özümlə su götürməmişdim. Müəllimə məni sakitləşdirdi. Bütün nəzarətçilər başımızın üstünü  kəsdirmişdilər, köçürməyə qoymurdular. İnşallah qəbul olaram, amma sadəcə bir az həyəcanlandım, bilmədim necə yazdım. Anam xəstədir deyə, tək gələsi oldum, yəqin ki, hər şey yaxşı olacaq”.

Gündüz adlı abituriyent isə bildirdi ki, imtahan onun üçün çox asan keçib: “Əsgərlikdən təzə gəlmişəm, asan oldu imtahan. Azərbaycan dili lap asan idi. Məncə qəbul olacam”.

Kamran adlı gənc də imtahanda heç bir həyəcan yaşamadığını dedi: “Heç bir həyəcan yox idi,  artıq 3-cu ildir ki, imtahan verirəm. Ona görə həyəcan yox idi, vərdiş halını almışam. İmtahan  tam qaydasında keçdi, köçurməyə icazə vermirdilər”.

Polis və təcili yardım maşınları hər imtahanda olduğu kimi, bu dəfə də vətəndaşların təhlükəsizliyini və sağlamlığını təmin edirdilər. Polislər bildirdilər ki, 3 saat müddətində Bədən Tərbiyəsi və İdman Akademiyasında heç bir problem yaşanmayıb. Təcili yardım maşının yanında dayanan həkim isə dedi ki, abituriyentlərin səhhətində heç bir problem yaranmasa da, iki valideyn bir az özünü pis hiss edib. Dərhal həkimlər tərəfindən  də onlara ilk yardım göstərilib.








Nihadə Eyyubova
Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı