Sabir Rüstəmxanlı: “Qüsurlar var, amma...”

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) 10 yaşını qeyd edir. Komitənin fəaliyyətini ictimaiyyət, xüsusilə də diaspor təşkilatları ilə əlaqədə fəal iştirak edən şəxslər necə qiymətləndirir?
Modern.az-a açıqlamasında deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı bunları deyib:
“Diasporumuzun problemləri çoxdur və bu problemlərlə bağlı 10 ildə kifayət qədər işlər görülüb. Bu iş kimlərinsə xoşuna gələ bilər, kimlərinsə yox. Çünki diaspora rəngarəngdir. Diaspor təşkilatlarımızın nümayəndələri içərisində İran azərbaycanlıların nümayəndələri də var, Azərbaycandan gedənlər də. Hər bir təşkilatın öz maraqları və öz tələbləri var. Diasporumuz yenicə təşkilatlanır. Bunun da öz mürəkkəblikləri var. Buna baxmayaraq, Diaspora Komitəsi yarandığı gündən bəri böyük işlər görüb. Məsələn, Dünya Azərbaycanlılarının qurultayları, Azərbaycan Türk Diaspor Təşkilatlarının qurultayları, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının işi, Avropa Konqresində görülən işlər, müxtəlif beynəlxalq səviyyəli görüşlər və s. Bütün bu işlərin üstündən xətt çəkmək olmaz. Ola bilsin ki, diasporumuzun işində hansısa qüsurlar var, kimlərsə diasporun işini daha yaxşı görmək istəyir. Amma bütün ictimai rəy bu fikirdə ola bilməz ki, Diaspora Komitəsi özünü doğrultmur. Bu diqqət bir az da artırılıb, bu yaxınlarda prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat pul ayrıldı. Ümid edirəm ki, komitə bundan sonra öz işini daha sürətlə davam edəcək”.
Azərbaycanın xaricdəki səfirlik nümayəndələri ilə həmin ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızla yola getməməsi məsələsinə isə S.Rustəmxanlının münasibəti belə olub:
“Belə bir hadisə Sankt-Peterburqda olub, bizim diaspor təşkilatlarımız və ordakı iş adamlarımızla konsulluq arasında münaqişələr yaranmışdı və bu bir faktdır. Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarının səfirliklərimiz və konsulluqlarımız kifayət qədər sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.
Mail Ağaxanov