
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2012-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. Modern.az qurumun İctimaiyyətlə əlaqələr sektoruna istinadən xəbər verir ki, iclasda DSMF sədri Səlim Müslümov bildirib ki, cari ilin ilk 6 ayında ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilib.
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil edib.
2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 1198,7 mln. manat olduğunu deyən S.Müslümov əlavə edib ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib:
“Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə etmişdir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılımışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir”.
S.Müslümov qeyd edib ki, cari ilin ilk yarısında əhaliyə 27 mln. manat məbləğində müavinət ödənilib.
DSMF sədri vurğulayıb ki, bu ilin arxada qalan dövrü ərzində pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib, bu tədbirlərin mühüm həlqələrindən biri kimi əhaliyə göstərilən elektron xidmətlərin sayı əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Fond tərəfindən əhaliyə 20-yə yaxın interaktiv və informativ elektron xidmətlər təqdim olunur.
S.Müslümovun sözlərinə görə, hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya üzvləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara nəzarətin gücləndirilməsi, qeydiyyatdan kənar fəaliyyət göstərən şəxslərin sosial sığortaya cəlb edilməsi və əmək ödənişlərinin leqallaşdırılması istiqamətində digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlərin gercəkləşdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2012-ci il üçün nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərin daha da intensivləşdirilməsi ətraflı müzakirə olunub. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Modern.az