Bu gün “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür.
Modern.az-a açıqlamasında “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib ki, E. Hüseynovun yaxın dostları və atası bu münasibətlə mərhum jurnalistin qəbrini ziyarət ediblər.
Ş. Xuduoğlunun sözlərinə görə, tədbirdə əsasən jurnalistlər, QHT nümayəndələri, siyasi partiyalardan isə Müsavat rəhbərlik səviyyəsində təmsil olunurdu.
“Hər kəs öz ürək sözünü dedi. Həm E. Hüseynov, həm də onun cəmiyyətdəki mövqeyi, jurnalistikada buraxdığı izi və bu günə qədər də aktual olan xidmətləri, yazıları barədə söhbətlər oldu. Yəni söz demək istəyən bütün insanlara söz verildi. Təxminən 1 saatdan çox müddətdə tədbir davam etdi”, – deyə Ş. Xuduoğlu əlavə edib.

Sevinc İltifatqızı