Modern.az

Solyari - gözəllik də öldürür

Solyari - gözəllik də öldürür

Aktual

20 İyul 2012, 13:16

Dermatoloq: “Süni yolla qaralmaya üstünlük verənlərin dərisi tez qocalır”


Yay ayı başlayar-başlamaz xanımların üz tutduğu məkanlardan biri də solyari vannaları olur. Çünki indiki dövrdə zərif cinsin bir sıra nümayəndələri qaradərili olmağa üstünlük verir. Halbuki suni günəş vannalarında qaralma sonradan insan orqanizmində mənfi fəsadlar törədir. 7 dəqiqədən tədricən 20 dəqiqəyə qədər vaxtı uzadılan vannalara aludə olanlar ondan asılı vəziyyətə düşür. Bu asılılıq isə heç də narkotik asılılığından geri qalmır. Kosmetoloqların bildirdiyinə görə, ultrabənövşəyi şüa həm saça, həm gözə, həm də ürəyə ziyandır. Onların fikrincə, 40 dərəcəyə qədər istilik verən vannalar dərinin hədsiz qurumasına səbəb olur. Ultrabənövşəyi şüalar dərinin elastikliyini azaldır və vaxtından öncə qaralmasına səbəb olur. 

Bədxassəli şiş və asılılıq

Bu gün dünyada yüz milyonlarla insan solyari qəbul edir ki, bu da insanları birbaşa xərçəng risqi ilə üz-üzə qoyur. Artıq Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içkilər qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan ediblər. Qeyd edim ki, süni şüaların qəbulu dəri və gözdə xərçəngin melanoma növünün yaranmasına səbəb olur. Əsasən də 30 yaşdan aşağı şəxslərin süni qaralma aparatlarından istifadəsi xərçəng riskini daha yaxına buraxır. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Hazırda solyaridən bütün dünyada, əsasən də Şimali Avropa və ABŞ-da daha geniş istifadə olunur. Bu gün almanların əksəriyyəti, o cümlədən 17 yaşdan aşağı uşaqlar süni qaralma aparatlarından istifadə edir.

Son illər Azərbaycanda da bu avadanlıqların geniş istifadəsinə başlanılıb. Nəinki yay aylarında, hətta soyuq fəsillərdə də süni qaralmaya üstünlük verənlərin sayı artıb. Onu da deyək ki, hazırda ölkə ərazisində istifadə edilən bu avadanlıqların keyfiyyətinə heç kim zəmanət vermir. Məsələn, bir çox özəl tibb mərkəzlərində, həmçinin müxtəlif salonlarda bu xidmətlər göstərilir. Qəribəsi budur ki, müştərilər üzərində heç bir nəzarət edilmədən və öncədən heç bir prosedura keçmədən onlar avadanlıqların içinə salınır. Ultrabənövşəyi şüaların təsirinə məruz qalan orqanizm isə, xərçəng olmasa belə, müxtəlif fəsadlara məruz qalır. Onu da deyim ki, bədxassəli şişlər orqanizmdə özünü o saat büruzə vermir. Bu xəstəliyin özünü göstərməsi bir neçə il sonraya təsadüf edə bilər. Ancaq gözlərdə qızartı, üz və bədən nahiyəsinin şişməsi kimi hallara şüaların təsirindən dərhal sonra rast gəlinir. Eyni zamanda şüaların təsirindən az sonra dəridə müxtəlif fəsadlar özünü büruzə verə bilər.

Avropada solyariyə qadağa...    

Xatırladaq ki, solyari vannalarından ilk dəfə idmançılar istifadə edib. Çünki solyari insan dərisində D vitamini yaratmaqla yanaşı, orqanizmdə immuniteti də artırır. Odur ki, idmançılar bədənlərinin güclü olması üçün bu üsula tez-tez müraciət edirdilər. Adi insanlar arasında isə ilk dəfə bundan 1980-ci ildə amerikalılar istifadə etməyə başlayıb. 2004-cü ildə solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etdiyini görən Amerika dövləti 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoydu. Almaniya parlamenti isə 18 yaşından kiçik şəxslərin solyari qəbul etməsinə qadağa qoyub. Qadağanın qoyulmasına səbəb solyarinin ultrabənövşəyi şüalarının sağlamlığa dərin zərbə vurmasıdır. 

Mütəxəssislərin apardığı araşdırmalara görə, bütün dünyada hər il 140 min nəfər solyari istifadəçisi dəri xərçənginə tutulur. İngiltərədə isə bu rəqəm 370 mindir. Bu ölkədə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. 

Bizdə də vəziyyət fərqli deyil. Paytaxtın bir neçə gözəllik mərkəzində istifadə olunan solyari vannalarının müsbət tərəfi reklam olunsa da, “zaqar”ın fəsadları barədə ictimaiyyətə məlumat verilmir. Ultrabənövşəyi şüanın hansı fəsadlar törətdiyini aydınlaşdırmaq məqsədilə tibb elmləri doktoru Adil Qeybulla və dermatoloq Vüsalə Ziyazadə ilə ilə əlaqə saxladıq.

Solyari Azərbaycanda da qadağan olunmalıdır...
   
Həkim Adil Qeybulla solyari vannasının təbii qaralmanın imitasiyası olduğunu deyir: “Solyari vannalarında ultrabənövşəyi şüaların birbaşa təsir etməsi bütün dünyada qadağan olunmuş prosedurasıdır. Bu qaralma metodu dəridə bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Solyari vannalarından istifadə edənlərin əksəriyyəti dəri xərçənginə tutulur. Bu səbəbdən də, bir sıra Avropa ölkələrində süni yolla qaralma qadağan olunub".

A.Qeybullanın verdiyi məlumata görə, ölkədə hər hansı bir yenilik tətbiq edilməzdən öncə bir müddət klinik təcrübədən keçməlidir. Uzun müddət aparılan kliniki müşahidələr həmin yeniliyin zərərli və xeyirli tərəfini müəyyənləşdirir: “İnsanlar üzərində hər hansı yoxlanmamış preparatın və tibbi vasitənin tətbiqi yolverilməzdir. Bu, könüllülük prinsipilə olmalıdır. Eyni zamanda, qış aylarında solyariyə müraciət edənlər bilməlidir ki, bu, süni mühitdir. Orqanizmin bioloji parametrləri buna cavab vermir. Hər hansı xəstəxana və ya gözəllik mərkəzi müştəriyə təklif edilən xidmətin zərərli və xeyirli tərəfini izah etməlidir. Ultrabənövşəyi şüa ilə qaralma bir sıra dünya ölkələrində qadağan olunubsa, bu qadağa mütləq Azərbaycanda da tətbiq olunmalıdır”. 

 Gözəllik naminə ölüm

Həmsöhbətimiz dermatoloq Vüsalə Ziyazadə solyarinin, həm də zərərli tərəflərinin olduğunu bildirdi: “Telekanallarda nümayiş olunan gözəllik verilişlərində solyarinin yalnız müsbət tərəfi barədə məlumat verilir. Ancaq bu aparatın mənfi cəhətləri haqqında fikir bildirilmir. Nəticədə onlarla qadın gözəllik naminə solyari vannası qəbul edərək, dəri xərçənginə tutulur”.

Dermatoloqun bildirdiyinə görə, ultrabənövşəyi şüanın insan səhhətinə bir sıra zərərləri var: “40 dərəcə temperaturun altında 15-10 dəqiqə qalanda insanın dərisində şişlər və müxtəlif dərəcəli yanıqlar əmələ gəlir. Onu da deyim ki, süni yolla qaralmaya üstünlük verənlərin dərisi tez qocalıb öz təravətini itirir”. Sonda V.Ziyazadə  ginekoloji problemi olanlara və hamilə qadınlara bu aparatdan istifadə etməməyi məsləhət gördü: “Eyni zamanda, endokrin problemi olanlar, şəkərli diabetdən əziyyət çəkənlər və hipertoniyalı xəstələr süni yolla qaralmadan uzaq olsalar yaxşıdır”. 
   

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı