İctimai Palatanın bu gün keçirilən sessiyasında çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifəti yenidən aktiv mübarizəyə səsləyib. Yay mövsümü ilə bağlı mitinqlərin keçirilmədiyini deyən A.Hacılı piket keçirə biləcəklərini vurğulayıb. Müsavat funksioneri ölkədə ciddi dəyişikliklərə nail olmaq üçün ciddi mübarizə aparmağın vacibliyini bildirib.
“Azərbaycan hakimiyyətinə olan limitimiz artıq tükənib. İndi biz ölkədə ciddi dəyişikliklərə başlamaq üçün bütün resurslarımızdan istifadə etməliyik. O zaman insanlar hansısa dəyişikliklərin olacağını görəcəklər. Bizim azadlığa buraxılmağımız da bir nəticədir. Əgər havanın isti olmasına görə mitinqi təxirə salırıqsa, piket keçirə bilərik. Avqust ayından gec olmayaraq bu tədbirləri həyata keçirməyə başlamalıyıq. İndi biz insanları Azərbaycanda real dəyişikliklərin olmasına inandırmalıyıq. Təbii ki, bunun üçün hansısa işlər görməliyik. Yoxsa syda bir dəfə də yığışmaqla yox, elə hər gün də yığılsaq dəyişiklik edə bilməyəcəyik”, - deyə A.Hacılı qeyd edib.
Modern.az