Modern.az

Qadınların bəlası - tüklənmə

Qadınların bəlası - tüklənmə

Aktual

23 İyul 2012, 11:11

Müasir dövrümüzdə hər 100 qadından 10-da tüklənmə problemi var. Bəzi tüklənmələr xoşxassəli olsa da, bəziləri sonralar daha ciddi fəsadlar ortaya çıxarır. Tüklənmə iki cür olur. Birinə tibbdə HİPERTRİXOZ deyilir. Digəri isə HİRSUTİZMdir.

Hipertrixoz - normada olması gərəkən yerlərdəki tüklərdə artmadır. Bu tüklər incədir, adətən sarı və ya bir az ondan tünddür. Bu tip tüklənmə genetik və irsi xüsusiyyət daşıyır və qorxulu deyil. Epilyasiya ilə asanlıqla aradan qaldıra bilər. 

Problemli tüklənmə hirsutizmdir. Hirsutizm qadınlarda onlar üçün xarakterik olmayan yerlərdə artıq tüklərin olmasıdır. Hirsutizm qanda testosteron və dehidrotestosteron hormonlarının artması nəticəsində yaranır. Hirsutizm zamanı tüklənmə üz nahiyəsində, sinədə, beldə, qarında, ətraflarda, əsasən də budun daxili nahiyəsində olur. Tüklənmə müxtəlif dərəcədə - zəif və ya çox güclü ola bilər.

Bəzən hirsutizm oliqomenoreya (menstruasiyanın zəifləməsi), amenoreya (menstruasiyanın kəsilməsi) və nəhayət, sonsuzluq verə bilir. Yüngül hirsutizm qadınların 15%-də rast gəlinir və xoş gedişli olur. Kəskin, aydın hirsutizm virilizmlə müşahidə olunur və üzvi xəstəlik əsasında baş verir. Virilizmin kəskin inkişafı şişin olma səbəbindən irəli gəlir. Virilizm – alçaq səs, əzələ kütləsinin artması, kişi tipli bədən quruluşu, klitorun hipertrofiyası, süd vəzilərinin atrofiyası, aydın hirsutizm, potensiyanın artması, dərinin tərli və sızanaqlı olması ilə xarakterizə olunur.

Tüklər 2 tip olur: narın və terminal tüklər. Narın tüklər yumşaq, nazik, rəngsiz olur, anadangəlmə bədən səthini örtür. Terminal tüklər isə kobud, tünd rəngli olur. Bu tüklər cinsi yetişkənlik dövrünə qədər ancaq başda, qaşda, kiprikdə olur. Cinsi yetişkənlik dövründə androgenlərin ifrazı ilə əlaqədar olaraq narın tüklər kobud tüklərə çevrilir. Normada terminal tüklər qadınlarda bədənin androgenasılı nahiyələrində - cinsiyyət orqanları və qoltuqaltı nahiyələrdə çıxır. Kişilərdə terminal tüklərin inkişafı dehidrotestosteronun təsirindən bədənin hər hansı bir yerində ola bilər. Hirsutizm ya androgenlərin - testosteron və dehidrotestosteronun qanda yüksək olması, ya da aktivliyinin artması və yaxud da enzim 5 α-reduktazanın aktivliyinin artması ilə əlaqədar olaraq tük köklərində dehidrotestosteronun yaranmasının çoxalması ilə bağlıdır.

Hirsutizmin səbəbləri:

Yumurtalıqlarda olan pozğunluqlarla bağlı ola bilər:

yumurtalıqların polikistozu sindromu

insulinərezistentlik

yumurtalıqların şişi

Böyrəküstü vəzidə olan pozğunluqlarla bağlı ola bilər:
İtsenko-Kuşinq sindromu

böyrəküstü vəzinin androgen ifraz edən şişləri

böyrəküstü vəzinin anadangəlmə hiperplaziyası

Testosteronu birləşdirən zülalın azalması ilə əlaqədar olaraq qanda sərbəst testosteronun artması ilə bağlı ola bilər.

İdiopatik hirsutizm

Yumurtalıqlarla bağlı pozğunluqlar

Yumurtalıqların polikiztozu sindromu. Yumurtalıqların polikistozu sindromu zamanı hirsutizmin əsasında testosteronun qanda normadan artıq olması durur. Tük follikullarında testosteronun miqdarı artdıqca o, dehidrotestosterona çevrilir ki, bu da qadınlar üçün xarakterik olmayan yerlərdə terminal tüklərin artmasına səbəb olur.

İnsulinərezistentlik və hiperinsulinemiya. İnsulinərezistentlik birbaşa hirsutizmin səbəbi deyil. O dolayı yolla qadınlarda testosteronun çox yaranmasına təsir göstərir. Xüsusən də bu özünü yumurtalıqların polikistozu zamanı daha aydın büruzə verir.

Yumurtalıqların şişi. Arrenoblastoma – yumurtalığın qapısında yaranan şişdir. Bu şiş bədxassəlidir, testosteron ifraz edir və hirsutizm yaradır.

Sərbəst testosteronun artması nəticəsində baş verən hirsutizm - onun daşıyıcı zülalla birləşməsinin azalmasından yaranır.

Klinika. Yumurtalıqların funksiyası pozulmur. Hirsutizm - tüklənmə aydın olur.

Müalicə. Hirsutizmin müalicəsi onun yaranma səbəbindən çox asılıdır. Əgər səbəbi yumurtalığın və ya böyrəküstü vəzinin şişidirsə, onda müalicəsi cərrahi yolladır. Əgər hirsutizm böyrəküstü vəzinin qabıq hissəsinin anadangəlmə hiperplaziyası nəticəsində əmələ gəlibsə, medikamentoz terapiya təyin olunur.  Müalicə müddəti ərzində tükləri yox etməyə yönələn bütün səylər (tüktökücü kremlər, ip, iynəli və ya lazer epilyasiya kimi) lazımlı effekt verməz.

Azər SALEHLI
Azərbaycan Tibb Universitetinin tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı