Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən “Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son» adlı layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir.
«“Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son» layihəsinin əsas vəzifələri insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardım xidmətləri göstərməkdir. Eyni zamanda, layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və qeyri-hökumət təşkilatlarının (QHT) “İnsan alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə cəlb olunması üçün imkanlar yaradacaq. Bu ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edəcək. Layihə çərçivəsində faliyyətlər 2 istiqamətdə aparılacaq: İlk növbədə birbaşa olaraq insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstəriləcək və qeyd olunan rayonlarda müvafiq dövlət strukturları ilə əməkdaşlıq edərək layihəyə cəlb olunan sənədsiz uşaqları şəxsiyyət vəsiqəsi və digər müvafiq hüquq sənədlər ilə təmin ediləcəklər. Həmçinin layihədən faydalanan uşaq və yeniyetmələri sosial çarxların hazırlanması, flaşmobların təşkili, “Çərpələng uçuranlar” və “Küçə rəssamları” kimi sosial reinteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub.