Modern.az

Artur Rasizadənin işə çıxmadığı təsdiqlənib

Artur Rasizadənin işə çıxmadığı təsdiqlənib

Aktual

24 İyul 2012, 15:15

Azərbaycan mətbuatı Baş nazir Artur Rasizadənin səhhətindəki problemlərlə bağlı məlumat yayıb. Yerli mənbələrin xəbərinə görə, A.Rasizadə müalicə üçün xaricdədir.

Modern.az saytına məlum olub ki, bu aralar Nazirlər Kabinetinin sədri doğrudan da işə çıxmır. Nazirlər Kabinetinin iyulun 6-dan bəri qəbul etdiyi bütün qərarların altında Artur Rasizadənin imzasının olmaması da deyilənləri dolayısı ilə təsdiqləyir.

Modern.az saytının araşdırmasına görə, 6 iyul 2012-ci il tarixindən sonra Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlara Baş nazirinin birinci müavini Yaqub Eyyubov imza atıb. Bunu Nazirlər Kabinetinin saytında yerləşdirilən qərarlara baxmaqla da görmək olar.
Nazirlər Kabinetindəki mənbə əməkdaşımıza Artur Rasizadənin məzuniyyətə çıxdığını təsdiqləyib. Lakin onun müalicə olunub-olunmadığını öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu il fevralın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin 77 yaşı tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 16 ildir eyni vəzifədə çalışır.
Son illər Azərbaycan mediasında, ictimaiyyət arasında pensiya yaşını çoxdan keçən Artur Rasizadənin istefaya göndəriləcəyiilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bununla bağlı yayılan məlumatlarda Baş nazir postuna tezliklə gah fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, gah nəqliyat naziri Ziya Məmmədovun, gah da maliyyə naziri Samir Şərifov və ya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, eləcə də daha bir neçə yüksək ranqlı məmurlardan kiminsə gətiriləcəyi bildirilir.  

Amma Artur Rasizadə öz vəzifəsində qalmaqdadır və deyəsən ölkə başçısı da onu əvəz etməyə tələsmir. Belədə A.Rasizadənin istefaya göndəriləcəyi barədə informasiyalar da şayiə xarakteri daşımaqda davam edir....

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı