Aztəminatlı ailələrin mövcud potensialları müqabilində şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və özünütəminetmə imkanlarına yiyələnmələri üçün onlara aktiv formada dəstək verilməsini nəzərdə tutan «Özünədəstək» - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrası işləri davam etdirilir.
İyulun 24-də Ağcabədi rayonunda 60, Ağdam, Fizuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə 105 ailə ilə bu proqrama cəlb olunmaları üçün «Sosial müqavilə»lər imzalanıb və onlara müvafiq bildirişlər paylanıb. Bununla bağlı olaraq, Ağcabədi rayonunda keçirilən tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev aztəminatlı ailənin ünvanlı yardımdan asılılığının aradan qaldırılmasının, öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün belə ailəyə müvafiq şəraitin yaradılmasının hazırda mühüm prioritetlərdən olduğunu deyib. Artıq bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşmaqda olduğunu qeyd edən Asəf Əliyev bildirib ki, ötən ilin martında Tovuz rayonunun cəbhəyanı Vahidli kəndində sınaq işlərinə başlanılan proqram ötən müddətdə Masallı, Xaçmaz, İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Bakının Nizami rayonlarında, Sumqayıt şəhərində icra olunub. Nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri bu proqrama cəlb olunan ailələrin seçilməsində fəal iştirak edirlər. Bütün ölkədə tətbiq olunacağı nəzərdə tutulan «Özünədəstək» proqramı aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına şərait yaradır.