Elşən Mustafaoğlu: “Çox gözəl olardı ki, spirtli içki ümumiyyətlə satılmasın”
Müqəddəs Ramazan ayında bir qrup insan ölkədə spirtli içkilərin reklamının yasaq qoymaq təklifi irəli sürüb. Təşəbbüsçülər qadağanın yalnız bir aylıq müddətdə qüvvədə qalmasını rica edir.
Modern.az-a məsələ ilə bağlı ilahiyyatçı, fəlsəfə doktoru Elşən Mustafaoğlu münasibət bildirib.
E. Mustafaoğlu bildirib ki, İslam insanı sağlam düşüncə, sağlam ruh və sağlam həyatının təmin edilməsi istiqamətində tərbiyə edir. İnsanın mənəvi tərbiyəsi onu həm bu dünyada, həm də axirətdə səadətə yetirmək üçündür. “Xoşbəxt insan! Amal budur. Ona görə də insanı bir sıra əməllərdən, ona ziyan olan, bu xoşbəxtliyin qarşısını alan bəzi işlərdən çəkindirir və bir sıra faydalı olacaq əməllərə təşviq edir. Bu minvalla, İslam insanı spirtli içki qəbul etməkdən də çəkindirir. Seçim, əlbəttə, insanındır. İlahi çağırışı qəbul edəcəkmi? Yoxsa öz nəfsini önə çəkib, Yaradanının buyurduğunu heç sayacaq. Hər halda, İlahinin buyruqları yalnız fərdin və bu fərdlərdən ibarət toplumun faydasına yönəlib. Elə spirtli içkilərdən çəkinmək də cəmiyyətin və onun üzvü olan ayrı-ayrı fərdlərin sağlam həyat sürməsi üçündür”.
İlahiyyatçı-alim Ramazan ayında spirtli içki reklamının qadağan edilməsi təşəbbüsünü alqışlayır: Əfsus ki, bir çoxları bu qaydalardan uzaq olub həm özünə, həm də ətrafdakılara zərər verirlər. Nə qədər cinayətlər, qətllər, boşanmalar, avtomobil qəzaları və s. məhz içki səbəbindən baş verir.
Mübarək Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ayı müsəlmanlar xüsusi bir tərzdə – oruc tutmaqla keçirirlər. Bu ay bir fürsət yaradır ki, insanlar günah işlərdən çəkinsinlər, Allahın buyruqlarına doğru yönəlsinlər. Çox gözəl olardı ki, bu mənəvi tərbiyə ayında, barı bu 1 ay boyu spirtli içkiləri satanlar bu işdən əl götürsünlər, bu mübarək ayın hörmətinə, toplumdakı inanclı insanlarla həmrəylik və doğmalıq nümayiş etdirərək, Allaha doğru addım ataraq spirtli içki satmasınlar. Bununla da barı ilin bir ayını cəmiyyətdə nisbətən mənəvi mühitin yaranmasına dəstək vermiş olsunlar”.
Mail Ağaxanov