“İşimə nifrət edirəm! Kaş illərimi buna sərf etməsəydim! Ətrafımdakıların nə deyəcəklərinə yox, ürəyimin səsinə qulaq versəydim, bəlkə də, indi daha yüksək yerlərdəydim...” İxtisas seçimində yanılanlar sonra ömür boyu bu fikirləri tez-tez ürəyindən keçirirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I ixtisas qrupu üzrə keçid ballarının aşağı salınması bərədə xəbəri çoxlarını sevindirsə də, əslində bu, məsələnin daha da çətinləməsinə səbəb olacaq. TQDK səxavətli qərar verə bilər, ancaq abituriyent gələcəyini düşünüb qərar verməsə, uduzacaq. Bəli, həyatını uduzacaq. Razılaşarsınız ki, insanın sonrakı peşmançılığı çox pis şeydir. Çoxlarınız eşitmisiniz ki, insanın həyatında iki qərar: həyat yoldaşı və ixtisas seçimi çox böyük əhəmiyyət kəsb edir. Hətta sevmədiyiniz, valideynləriniz tərəfindən ailə həyatı qurmağa məcbur edildiyiniz birindən nə zamansa ayrıla, ürəyinizcə olan başqa bir insanla yeni ailə qura bilərsiniz. Ixtisas seçimində yanıldığını isə insanlar o peşədə işləməyə başlayandan bir müddət sonra fərq edirlər, ondan sonra da ixtisas dəyişməyə səy göstərən ya da nail olan cüzi olur. Çoxu cəsarət göstərib arzusunun arxasınca gedə də bilmir. Əgər siz cəsarətli olsanız belə seçdiyiniz ixtisası yeniləmək üçün ən azı yenidən 4 ilinizi sərf etməli olacaqsınız... Zamansa itirilməyə dəyməz...
Bu gün 150 bal toplayan abituriyent balların aşağı salınmasından faydalanaraq, sevincək, düşünmədən və ya ailəsinin təkidi ilə qərar verərsə, sevmədiyi ixtisas belə olsa, “hansı ixtisas olur olsun, universitet olsun” deyə seçim edərsə, heyif onun gələcəyinə... Dərindən yox, sadə bir təhlildə onun itirdikləri aydınca görünər.
Əvvəlcə qeyd edək ki, aydındır ki, 150 bal toplamış tələbənin bilikləri çox zəfidir. Və o bu cür aşağı göstərici ilə universitetlərə qəbul edilsə belə, onun gələcəkdə seçdiyi ixtisasın sirrlərinə layiqincə yiyələnməsi şübhə altındadır. Necə ki, zəif göstərici ilə universitetə daxil olub, qaldıra bilməyəcəyi yükün altına girib, elə o cür də mütəxəssis kimi yetişəcək. Bu isə gələcəkdə cəmiyyətə faydasız bir kadrın daxil olması deməkdir...
İkincisi, abituriyent ixtisas seçərkən ən sevdiyi ixtisasdan sevmədiyinə doğru seçimini edir. Deməli, ən aşağı balla ən sevmədiyi ixtisasda “oxumalı” olacaq... Bu isə mənim aləmimdə, hər gün ölmək deməkdir...
TQDK-nın rəsmi açıqlamasından bəlli oldu ki, dövlət sifarişli yerləri 250-dən aşağı bal toplayan abituriyent seçə bilməyəcək. Bu isə o deməkdir ki, ən zəif balla tələbə adını qazananlar ən azı 4 il məcburən seçdikləri ixtisas üzrə ödənişli əsaslarla təhsil alacaqlar. Bu isə həm də maddi sıxıntı deməkdir...
TQDK-nın açıqlamasında o da vurğulanır ki, bu il təhsilə daha çox maraq olduğu üçün imtahan verənlərin sayı artıb. Əgər belədirsə, bu, sevindirici haldır. Məncə, oxumaq eşqi olan insan “bu il olmasın, bir il sonra olsun” düşüncəsi ilə hərəkət etməlidir. Təki sevdiyi ixtisasda sevərək təhsil alsın...Bu istər fərdə, istər cəmiyyətə daha faydalı olmazmı?!
Anzulə Əmirova