
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsində İlham Əliyevin prezidentliyə namizədliyi yenidən irəli sürüləcəyini bir daha vurğulayıb.
Müxalifətə atmacalarını davam etdirən S.Novruzov deyib ki, Azərbaycan müxalifətində heç vaxt prezidentliyə vahid namizəd olmayıb.
”Hətta 1998-ci ildə indi özlərinə lider hesab etdikləri Əbülfəz Elçibəyin vahid namizəd olmasına razılıq vermədilər. Elçibəy bu barədə təklif verəndə İsa Qəmbər ona kəskin şəkildə etiraz bildirdi ki, hər kəs öz namizədliyini irəli sürsün”.
S.Novruzovun fikrincə, İctimai Palatanın seçkilərə vahid namizəd irəli sürəcəyi inandırıcı görünmür. YAP-çı deputat hətta müxalif rəqiblərinin vəziyyətinə şeir də söyləyib:
”Bizim dostumuz var, həm də şairdir. O, hər dəfə parlament seçkilərində namizədliyini irəli sürür. Hər dəfə də uduzur. Amma şair təbiətli adamdır, İsa Qəmbər kimi fikirləşir ki, namizədliyimi irəli sürüm, bəlkə seçilə bilərəm. Onun parlament seçkilərinə aid yaxşı bir şeiri var:
Bu qatar da belə getdi,
Mən atılıb minəmmədim.
Söykənmişəm mən söyüdə,
Hələ də bar gözləyirəm.
Qatarlanıb illər gedir,
Mənsə qatar gözləyirəm.
Şeirdə deyilən kimi, bunların qatarları çoxdan gedib, amma yenə də söyüdə söykənib söyüddən bar gözləyirlər. Qatarlanıb gedən illərdən də qatar gözləyirlər. Halbuki onlar bunu qəbul edib, başqa işlərlə məşğul olsalar daha, məqsədəmüvafiq olar, nəinki seçkilərdə iştirak etsələr”.
Ziyalılar Forumun da fəaliyyətini qiymətləndirən Novruzov yenə atmacalarından qalmayıb:
“İndi beş-üç adamın elmi dərəcəsi varsa, bu, onların ziyalı olması demək deyil. Elmi dərəcə ziyalılığın göstəricisi deyil. Biri kino çəkəndir, biri nədir… Amma hesab etmək olmaz ki, onlar ziyalıdır. Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir. Amma adam var çobandır, belələrindən daha çox ziyalıdır. Onlar birləşsələr də, ayrılsalar da, heç nə dəyişməyəcək. Yığışırlar, hansısa çayxanada oturub söhbət edirlər. Özü də bunların fəaliyyəti mövsümi xarakter daşıyır, hava soyudu, çəkilirlər, hava isindi, qayıdırlar”.
S.Novruzovun fikrincə, Rüstəm İbrahimbəyovu da şəxsi maraqları danışdırır.
Azərbaycan idmançılarının Olimpiadadakəıçıxışlarına toxunan YAP-çı deputat “hesab edirəm ki, bu Olimpiadada əldə edilən nəticələr Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıya ekvivalent deyil” deyib.
”Hiss olunur ki, idmançılarımızın ümumi fiziki hazırlığı zəifdir. Onların təlim-məşq toplanışlarından yayınması buna gətirib çıxarıb. Sanki bəzi idmançılar qələbəni yox, yarışın bitməsini gözləyir. Bir söz var, elə bil bunları biyara göndəriblər. İnsan uduzanda da şərəflə uduzmalıdır. Federasiyalar ciddi şəkildə işləməlidir, struktur islahatları aparılmalıdır...
...Başqa bir problem uşaq idman məktəbləri ilə bağlıdır. Biz hərdən almanı bazardan almağa çalışırıq, amma biz alma ağacını yetişdirməliyik. Çünki sabah bazarda alma olmaya bilər. Asan yola qaçmaq lazım deyil. Xaricdən idmançı gətirib asan yolla medal qazanmaq fikrindən uzaq durmaq lazımdır. Əgər lazımdırsa, iki-üç il medal almayaq. Amma sonra alacağıq. Düzdür, elə sahə var ki, bizdə inkişaf etməyib və indi alınmır. Amma o sahə də nə vaxtsa inkişaf edəcək”.
Modern.az