Modern.az

Deputatlar: “Bu, əsgərə əziyyət verən komandirlərin də balalarının başına gələcək”

Deputatlar: “Bu, əsgərə əziyyət verən komandirlərin də balalarının başına gələcək”

Aktual

6 Avqust 2012, 16:14


Son zamanlar orduda intihar hallarının artması cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən də, ötən həftə Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissədə gənc əsgərin bir qrup hərbçi tərəfindən incidilməsinin ardından intihar etməsi və hadisə ilə bağlı rəsmi qurumların münasibəti orduda nöqsanların olduğunu göstərir. Hətta, bir çoxları hesab edir ki, Azərbaycan ordusunda hələ də sovetlər dönəmindən qalma ifrat “dedovşina” halları mövcuddur.

Bəs, millət vəkilləri necə düşünürlər? Modern.az-ın əməkdaşı bu sualla Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbasa müraciət edib. Millət vəkili orduda bəzi problemlərin olduğunu istisna etmir. Deputatın sözlərinə görə, nəinki Azərbaycanda, hətta dünyanın hər yerində “dedovşina” mövcuddur.

“Bütün dünyada “dedovşina” var. Rusiyada da, Amerikada da, Türkiyədə də və eləcə də dünyanın  demokratik hesab etdiyimiz ölkələrində də “dedovşina” var. Yəqin ki, Azərbaycanda da bu yazılmamış qanunlar mövcuddur. Təbii ki, dünən gələn əsgərlə, bir il qulluq edənin arasında fərq olur.
Hesab edirəm ki, ordu ilə bağlı məsuliyyətli olmaq lazımdır. Komandirlər fikirləşsinlər ki, onların da balaları var. Heç kim heç nədən sığortalanmayıb. Bütün əsgərlər də bizim balalarımızdır. Əsgərlərə əziyyət verən komandirlərin də balalarının başına gələcək”, - deyə A.Abbas qeyd edib.

Milli Məclisin digər üzvü Fazil Mustafa isə odruda “dedovşina”nın olmadığını bildirib. Onun sözlərinə görə, baş verən intihar hadisələri hüquqsuzluqdan irəli gəlir:

“Azərbaycan ordusunda “dedovşina” yoxdur. Bu əsassız fikirdir. Bəli, müəyyən problemlər var. Amma bunu şişirtmək lazım deyil. Ümumiyyətlə, çağırış sistemi elədir ki, burada “dedovşina”nın olması mümkün deyil. Hər halda orduda problemlər var. Əsasən hüquqsuzluq problemi var. Yoxsa bu “dedovşina” ilə bağlı deyil. Hesab edirəm ki, daha çox hüququn qorunması istiqamətində addımlar atılmalıdır. Mövcud problemlər düşünürəm ki, ən qısa zamanda öz həllini tapmalıdır”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı