Olimpiya oyuunları bu günlərin ən çox müzakirə olunan mövzusudur. Belə ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da azarkeşlərin əsas istəyi idmançıların daha çox medal qazanmasıdır. Amma bəzən idmançı yarışı medalsız da başa vurmalı olur. Belədə idmançımızın kimə məğlub olması da cəmiyyətdə ciddi müzakirə olunur. Bu Olimpiya oyunlarında iki idmançımız erməniyə məğlub oldu: cüdoçu İlqar Müşkiyev Ovanes Davtyana, güləşçi Emin Əhmədov Arsen Julfalakyana məğlub oldu. Bu məğlubiyyətlər Azərbaycanda birmənalı qarşılanmadı və bir çoxları idmançılarımızı məhz ermənilərə uduzduqlarına görə qınadılar.
Amma hər kəs belə düşünmədi, idman meydançasında rəqibi milli mənsubiyyətinə görə ayırmağın düzgün olmadığını fikirləşənlər də az deyil.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar tanınmış idmançıların münasibətini öyrənib.
Görəsən tanınmış idmançıların cəmiyyətin bu yanaşmasına münasibəti necədir?
Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov idmanı başqa yerlərə yozmağın əleyhinə olduğunu deyib. Federasiya prezidenti bildirib ki, idmanda hər bir hal ola bilər, o da erməni idmançısına uduzmağı böyütməyin, bununla bağlı müzakirə açmağın tərəfdarı deyil.
“Bizdə acınacaqlı vəziyət yaranıb ki, filankəs niyə erməniyə uduzdu? Bu qədər şişirtməyə ehtiyac yoxdur. Axı bu yarış meydanıdı. Rəqib başqa millətlərdən də ola bilər. Hər kəs qalib gələ də bilər, məğlub da olar. Bir də görürsən deyirlər ki, hansısa idmançı Olimpiya çempionu idi, amma indi niyə uduzdu? Udanda yaxşı idi, uduzanda pisdir? Gəlin idmanı digər sahələrə çəkməyək”.
Milli Məclisin üzvü, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bildirib ki, erməni idmançısına məğlub olmanın şişirdilməsinə ehtiyac yoxdur. Ü.Quliyevin sözlərinə görə, bizimkilər erməni idmançısına qalib gələndə də bunu şişirtmək düzgün deyil:
“İdmanda o zaman geniş müzakirə etmək olar ki, son nəticə əldə olunub və demək olar ki, əziyyət çəkilib, qalibiyyət qazanılıb. Ayrı-ayrı fərdlər haqqında danışmağın tərəfdarı deyiləm. Heç buna normal da baxmıram. İstər məğlub olan vaxt, istərsə də qalib gələndə, idmanda bu məqamlar müzakirə predmeti olmalı deyil. Yəni sırf erməniyə uduzmaq və yaxud da erməniyə qalib gəlmək müzakirə predmeti deyil. Ümumiyyətlə, idmanda müzakirə predmeti odur ki, yaxşı və yaxud zəif iştirak etdim. Bunun səbəblərini özün üçün araşdırmalısan”.
Anar Kəlbiyev